Sənət mövsümü sona yaxınlaşdığı vaxtda Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında türk dramaturqu Bayazit Gülercanın “Dəniz küləyi lodos” pyesi üzərində məşqlərə başlanılıb.
Teatrın 2018-ci il üçün repertuar planına daxil edilən tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Nicat Məmmədov, musiqi tərtibatçısı Zeynəb Orucovadır.
Rolları əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, İqrar Salamov, Akif Yusifov, aktyorlar Orxan Həmidli, Lalə Məmməd, Nərmin Abbasova, Xəyal Salahov və başqaları ifa edirlər.
Dəniz sahilindəki bir şəhərin balıqçılar məhəlləsində köhnə evlərdə yaşayan qonşular tikinti şirkətlərinin təzyiqlərinə baxmayaraq köçməyəcəklərinə qərar verirlər. Lakin zaman keçdikcə ehtiyac bu ailələri sözlərindən geri durmağa məcbur edir. Ailələrin özünəməxsus dramları, şəxsi həyatların təsviri, dostluq, sədaqət, anlayış, məhəllə ənənələri, münaqişə və mübahisələr əsərin ümumi mənzərəsini təşkil edir.