Başa çatan sənət mövsümü Akademik Milli Dram Teatrının yaradıcı həyatı üçün əlamətdar hadisələrlə yadda qalıb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, kollektiv mövsümü iyulun 14-də “Qarabağnamə” tamaşası ilə yekunlaşdıracaq.
Məlumatda qeyd olunur ki, son dövrlərdə teatrda yüksək yaradıcı atmosfer mövcuddur. Hazırlanan tamaşalarda gənc və orta nəsil aktyorları ilə yanaşı, yaşlı sənətkarlar da iştirak etməyə can atır. Bunu bir növ nəsillər arasında sağlam yaradıcı rəqabət hesab etmək olar.
Teatrın repertuarında dünya və Azərbaycan klassikasından, o cümlədən müasir dramaturgiyadan nümunələr yer alıb. Buna misal kimi C.Məmmədquluzadənin “Ölülər”, C.Cabbarlının “Almaz”, İ.Əfəndiyevin “Boy çiçəyi”, M.S.Ordubadinin “Qətibə İnanc”, Elçinin “Cəhənnəm sakinləri”, Y.Polyakovun “Sinif yoldaşları”, Ə.Əmirlinin “Ah, bu uzun sevda yolu” və “Şah Qacar”, K.Abdullanın “Bir, iki – bizimki”, Ç.Aytmatovun “Manqurt”, M.Qavranın “Qəribə, çox qəribə əhvalat” və digər əsərləri misal göstərilə bilər.
Son dövrlərdə Akademik Milli Dram Teatrında dörd yeni səhnə hazırlanaraq həm yaradıcı heyətin, həm də tamaşaçıların ixtiyarına verilib. Bunlar A.M.Şərifzadə, T.Kazımov, M.Məmmədov və A.İsgəndərov səhnələridir. M.Məmmədov, T.Kazımov və A.İsgəndərov səhnələri daha çox məşqlər üçün yaradılsa da, A.M.Şərifzadə adına kiçik səhnə tamaşalar üçün nəzərdə tutulub.
Mətbuat xidmətindən əlavə olunub ki, ötən mövsümdə Milli Dram Teatrı Konya şəhərində keçirilən “Min nəfəs, bir səs” Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında Azərbaycanı uğurla təmsil edib. Beynəlxalq festivalda yaradıcı heyət “Cəhənnəm sakinləri” tamaşasını oynayıb. Səhnə əsəri tamaşaçılar və müxtəlif ölkələrdən gələn teatr xadimləri, o cümlədən festivalın təşkilatçıları tərəfindən yüksək səviyyədə qarşılanıb.
Mövsüm ərzində Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azərpaşa Nemətov Bolqarıstana səfər edib. Ölkəmizin teatr həyatı üçün səmərəli danışıqlarla yadda qalan bu görüşlərdə gələcək əməkdaşlığın perspektivləri haqqında müzakirələr aparılıb.
May ayında Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı keçirilib. Akademik Milli Dram Teatrının kollektivi festival çərçivəsində Sumqayıt Dövlət Dram Teatrında “Cəhənnəm sakinləri” tamaşası ilə çıxış edib. Paytaxtın Pirallahı rayonunda tamaşaçılar qarşısında “Vəsiyyət” tamaşasını oynayan kollektivin növbəti səfəri Xaçmaza nəzərdə tutulub.
Məlumatda o da bildirilir ki, teatrın kollektivi hər zaman ölkə rəhbərliyinin, Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının diqqət mərkəzində olub. Mövsüm ərzində Xalq artisti Ramiz Novruz Prezidentin fərdi təqaüdünə, Xalq artisti Rafiq Əzimov “Şöhrət” ordeninə, Sabir Məmmədov və Əjdər Həmidov Xalq artisti, Rövşən Kərimduxt Əməkdar artist fəxri adlarına layiq görülüblər. Görkəmli sənətkarlar Nazim Bəykişiyev, Kazım Abdullayev və Hicran Nəsirovaya Teatr Xadimləri İttifaqının “Sənətkar” ordeni təqdim olunub. Milli Dram Teatrının gənc rejissoru Əlif Cahangirli isə Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı gənc rejissoru” mükafatını qazanıb.
Mövsüm ərzində teatrda on bir yeni səhnə əsəri – “İuda”, “Cəhənnəm sakinləri”, “Qətibə İnanc”, “Rəqs edən pinqvinlər”, “Şah Qacar”, “Gəl baharım, gəl yazım”, “Bir, iki - bizimki”, “Qəribə, çox qəribə əhvalat”, “Sinif yoldaşları”, “Manqurt”, “Ah, bu uzun sevda yolu” tamaşaları təhvil verilib.
Milli Dram Teatrının Mədəniyyət və İncəsənət Universiteti ilə yaradıcı əlaqələri də yüksək səviyyədədir. Universitetdə rejissorluq təhsili alan gənclər teatrın Abbas Mirzə Şərifzadə səhnəsində diplom tamaşaları hazırlayıb, tələbə aktyorlar bir neçə tamaşada böyük sənətkarlarla birgə səhnəyə çıxıb, teatrşünaslıq ixtisasında təhsil alanlarla isə peşəkar yaradıcılıq işi aparılıb.