İyulun 6-da Milli Kitabxanada mədəniyyət nazirinin müavini Rafiq Bayramovun sədrliyi ilə müşavirə keçirildi. Müşavirə Mədəniyyət Nazirliyində aparılmış struktur islahatları və regional mədəniyyət idarələrinin fəaliyyətinə həsr olunmuşdu.

Yığıncaqda nazirliyin müvafiq struktur bölmələrinin əməkdaşları, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və 15 regional mədəniyyət idarəsinin rəisləri və onların müavinləri iştirak edirdi.

Müşavirədə çıxış edən Rafiq Bayramov nazirlikdə aparılan son islahatlar haqqında danışdı. Vurğulandı ki, ölkə başçısı 6 iyun 2018-ci il tarixdə Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı fərman imzalayıb. Fərmana əsasən nazirliyin yeni strukturu təsdiq edilib, həmçinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələrində işçilərin say tərkibi müəyyən olunub: “Müşavirənin əsas məqsədi həyata keçirilən islahatlar nəticəsində qarşıya qoyulan yeni hədəflərə nail olmaq və bu istiqamətdə atılacaq addımların müzakirəsidir”.

Qeyd olundu ki, nazirliyin strukturu tam formalaşıb, o cümlədən regional mədəniyyət idarələrinin fəaliyyətinin təmin olunması üçün Regional siyasət şöbəsi yaradılıb: “Həyata keçirilən dəyişikliklərdən sonra mədəniyyət sahəsinə ayrılan diqqət daha da artırılacaq. Bizim fəaliyyətimiz indi sırf mədəniyyət sahəsinin inkişafı, mədəniyyət müəssisələrinin düzgün idarə olunmasını təmin etməkdir. Regional siyasət şöbəsində iki sektor – Təhsil müəssisələri ilə iş və Regional idarələrin koordinasiyası və tabe qurumlarla iş sektoru yaradılıb”.

Nazir müavini yeni yaradılan Regional siyasət şöbəsinin regional idarələrlə qurulacaq iş prinsipləri haqqında danışdı, bu istiqamətdə idarəçiliyin daha da effektiv olacağını bildirdi. Diqqətə çatdırdı ki, nazirlik Aparatının yeni  strukturunun formalaşmasında əsas məqsəd ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi əsas meyarlar kimi götürülüb.

Müşavirədə çıxış edən Regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli qeyd etdi ki, bölgələrdə göstərilən mədəni xidmətlərin səviyyəsinin artırılması, ölkəmizin regionlarının mədəni həyatının müasir inkişaf səviyyəsinə uyğun qurulması istiqamətində addımlar atılacaq: “Regionlarda mədəniyyət sahəsinin inkişaf etdirilməsi Mədəniyyət Nazirliyinin prioritet istiqamətlərindən biridir. Qarışa qoyulan məqsədlərə nail olmaq üçün ilk növbədə mədəniyyət müəssisələrinin cəlbedici fəaliyyətinin təmin olunması, regional idarələrin beynəlxalq əlaqələrinin qurulması, informasiya texnologiyalarından istifadənin daha da artırılması, ödənişli xidmətlərin təşkili həyata keçirilməlidir”.

Vurğulandı ki, regional idarələrin fəaliyyətinin daha da gücləndirilməsi üçün ixtisaslı kadrlarla təminat məsələsi diqqətdə saxlanılmalıdır.

Şöbənin Təhsil müəssisələri ilə iş sektorunun müdiri Lalə Kərimova regional idarələrə tabe olan təhsil müəssisələrindəki vəziyyət, Regional idarələrin koordinasiyası və tabe qurumlarla iş sektorunun müdiri Rəşad Əliyev gələcək fəaliyyətin əlaqələndirilməsi istiqamətləri haqqında məruzə ilə çıxış etdilər.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov çıxış edərək regional idarələrin mətbuatla iş istiqamətində fəaliyyətindən danışdı. Bildirdi ki, regional idarələrin keçirdiyi tədbirlərin yerli mətbuatda, televiziyalarda geniş işıqlandırılması olduqca vacibdir. Mətbuatla əməkdaşlıq üçün regional idarələrə bu sahənin bilicisi olan insanların cəlb olunması önəmlidir: “Qarşımıza qoyulan əsas vəzifələr yeni texnologiyaların tətbiqi, innovativ inkişaf və informasiya sahəsinə xüsusi diqqətin ayrılmasıdır. Hesab edirik ki, regional idarələrin mətbuatla əlaqələr sahəsində çalışan məsul şəxsləri üçün müvafiq kursların, treninqlərin keçirilməsi faydalı olar”.

Nazirliyin Aparat rəhbərinin müavini – Hüquq və daxili nəzarət şöbəsinin müdiri Namiq Qulamov sənədlərin, normativ-hüquqi aktların hazırlanmasında daha da diqqətli olmağın vacibliyini bildirdi.

Tədbir struktur islahatları, ikinci yarım ildə qarşıda duran məsələlərin müzakirəsi ilə davam etdi, fikir mübadiləsi aparıldı.

Müşavirənin sonunda nazir müavini Rafiq Bayramov regionlarda keçirilən tədbirlərin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində tapşırıq və tövsiyələrini verdi. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə nazirlik tərəfindən keçirilən “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalının əhəmiyyəti diqqətə çatdırıldı.

FARİZ