Seyrçilər tamaşanın gedişinə müdaxilə edə biləcəklər

İyulun 13-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Şağ” eksperimental tamaşası nümayiş ediləcək.

Tamaşa yazıçı Sevinc Çılğının qələmə aldığı üç kiçik həcmli pyes əsasında hazırlanıb. Burada bir-biri ilə əlaqəsi olmayan müxtəlif süjetlər arasında tamaşada iştirak edən aktyorlar tərəfindən bağlılıq yaradılır. Səhnə əsəri sərgi janrındadır və daha çox aksiya xarakterlidir.

Tamaşanın özünə gəldikdə isə o, eyni zamanda, göstərilən bir neçə hadisədən ibarətdir. Səhnə əsərinin nümayişi zamanı seyrçilərin oturmağı nəzərdə tutulmayıb. Bundan başqa, tamaşa tam formatda interaktivliyə malikdir. Yəni hər bir tamaşaçıya hadisələrin gedişatına müdaxilə etmək icazəsi verilir. Ona görə də seyrçilərdən tamaşanın gedişatında dəyişiklik etməyə hazır olmaları xahiş edilir.