AMEA-nın müxbir üzvü Tələt Kəngərlinin rəhbərliyi ilə Geologiya və Geofizika İnstitutu tərəfindən yaradılan işçi qrup regionlarda tədqiqatlar aparıb və nadir geoloji obyektlərin (geosaytların) monitorinqini keçirib.
İnstitutdan bildirilib ki, aparılan tədqiqatlar nəticəsində ölkə ərazisində UNESCO və ProGEO-nun tələblərinə uyğun gələn Culfa (İlandağ), Qırməki, Xaltan və Basqal milli geoparklarının yaradılması məqsədəuyğun sayılıb.
Bu baxımdan mühafizə olunan ərazilərin təşkilində “üçü birində” (geosaytlar, memarlıq-arxeoloji abidələr, biomüxtəliflik) modelini tətbiq etməklə Naxçıvan Muxtar Respublikasında “İlandağ” geoparkının (geoarxoparkın) yaradılması daha məqsədəuyğun sayılır.
Mütəxəssislərin fikrincə, “İlandağ” geoparkının yaradılması təbiətin və memarlıq abidələrinin mühafizəsi üzrə yerli əhalinin iştirakı ilə vahid mexanizmin yaradılmasına imkan verir. Eyni zamanda, geoturizmin inkişafı muxtar respublikada iqtisadi fəaliyyətin və yerli təşkilatların inkişafında sabitliyə, həmçinin maarifləndirici-tərbiyəvi fəaliyyətin təşkilinə dəyərli dəstək ola bilər.