Rus Dram Teatrında mövsüm sonunda premyera
İyulun 7-də Azərbaycan Dövlət Rus Dram Teatrında görkəmli İsveç rejissoru və kinodramaturqu, yazıçı İnqmar Berqmanın pyesi əsasında səhnəyə qoyulmuş “Payız sonatası” tamaşasının premyerası olub.
Səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, dekorasiyalar üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasovadır.
Ana və qızının mürəkkəb münasibətlərindən bəhs edən “Payız sonatası” tamaşaçının qəlbinə nüfuz edir, ona əsərin qəhrəmanlarının keçirdiyi hisləri yaşadır.
Tamaşada rolları Xalq artisti Lyudmila Duxovnaya, aktyorlar Rumiyə Ağayeva, Natəvan Hacıyeva və Aleksey Saprıkin ifa ediblər.
Mövsümün son premyerası tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.