Füzuli rayonunun Horadiz şəhərində və Ağdamın Quzanlı qəsəbəsində keçirilən tədbirlər böyük maraq doğurub

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” devizi altında keçirilən “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı davam edir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik olan xalqımızın mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsidir. Layihənin yay mövsümündə keçirilməsi həm ölkəmizə gələn xarici qonaqlara, həm də yerli sakinlərə regionların rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmağa imkan yaradır.

İyunun 25-də Masallı rayonunda start verilən festival daha sonra Lənkəranda (26 iyun), Salyanda (30 iyun) və Sabirabadda (1 iyul) davam etmişdi.

* * *

İyulun 7-də festival estafetini cəbhə bölgəmiz – Füzuli rayonunun Horadiz şəhəri qəbul edib. Həmin gün Horadiz şəhərində bayram əhval-ruhiyyəsi yaşanıb. Şəhərdəki Muğam mərkəzində təşkil olunan tədbirdə Horadiz sakinləri, eləcə də kənd və qəsəbələrdən gəlmiş füzulililər, rayonun qonaqları Mədəniyyət Nazirliyinin 15 regional idarəsi tərəfindən təşkil edilən sərgilərə maraqla baxıb, pavilyonlara baş çəkərək ayrı-ayrı bölgələrin mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri ilə yaxından tanış olublar.

Yaradıcılıq festivalında hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər, səsləndirilən şeirlər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Füzuli sakinləri, müxtəlif şəhər və rayonlardan gəlmiş iştirakçılar – sənətkarlar, rəngarəng əl işlərini nümayiş etdirən ustalar festivalın təşkilindən razılıqlarını ifadə edib, bölgələrdə bu cür tədbirlərin keçirilməsinə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

 

Bölgələr arasında mədəni mübadilə genişlənir

 

Festival iştirakçıları tədbirlə bağlı təəssüratlarını bölüşüblər. Kürdəmir Regional Mədəniyyət İdarəsini təmsil edən Nazim Əzimov festivalın əhəmiyyətini yüksək qiymətləndirib: “Festivalın keçirilməsi olduqca təqdirəlayiqdir. Çünki respublikamızın ayrı-ayrı bölgələri öz mədəniyyət nümunələrini təqdim edir, iştirakçılar hər bir bölgənin zəngin tarixi-mədəni irsi, adət-ənənələri, məişəti, incəsənəti ilə tanış olmaq imkanı qazanır. Əminəm ki, tədbir bölgələr arasında mədəni mübadilənin daha da dərinləşməsinə təkan verəcək, regionlararası yaradıcılıq əlaqələri daha da genişlənəcək”.

Ağcabədi Regional Mədəniyyət İdarəsini təmsil edən Namiq Həsənov isə ölkəmizin hər bir bölgəsinin zəngin mədəniyyəti olduğunu dilə gətirib: “Ölkəmizin hər bir bölgəsi fərqli mədəniyyəti, incəsənət nümunələri ilə zəngindir. Bu rəngarənglik bizim ən böyük sərvətimizdir. Bu gün “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı Qarabağ torpağında keçirilir. Qarabağ çox zəngin tarixi-mədəni irsə malikdir. Biz Ağcabədi Regional Mədəniyyət İdarəsi olaraq, festivalda müxtəlif maketlər, Qarabağın keçmişini və hazırkı dövrünü əks etdirən şəkillər, müxtəlif əl işləri ilə təmsil olunuruq. Təşkil etdiyimiz sərgi, həmçinin “Şur” ansamblının çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılandı”.

Füzuli rayonu Əhmədalılar kənd sakini Xalisə Məmmədova festivalda iştirakından məmnunluğunu belə ifadə edib: “Tədbir olduqca maraqlı oldu. Bölgələrimizi təmsil edən sərgilərdə nümayiş olunan rəsmlər, suvenirlər, müxtəlif əl işlərini seyr etdikcə xalqımızın necə qabiliyyətli, zərif zövqlü olduğunu qürur hissi ilə düşündüm. İncəsənət kollektivlərinin konsert proqramından isə bütün iştirakçılar kimi mən də böyük zövq aldım. İnsanlara zövq verən, ruhunu oxşayan, keçmişini və indisini tanıdan və xalqın mənəvi sərvətlərini dəyərləndirən belə gözəl tədbirin təşkilatçılarına minnətdarlığımı bildirirəm”.

 

Qarabağ torpağından zəngin təəssüratla

 

İyulun 8-də “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı başqa bir cəbhə bölgəmiz – Ağdam rayonu olub.

Rayonun Quzanlı qəsəbəsindəki Heydər Əliyev adına parkda keçirilən tədbirdə rayonun kənd və qəsəbələrindən gəlmiş sakinlər, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, həmçinin respublikamızın digər bölgələrindən olan qonaqlar əsl mədəniyyət bayramının şahidi olublar.

Park ərazisində Mədəniyyət Nazirliyinin Sumqayıt, Gəncə, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Lənkəran, Masallı və Biləsuvar regional mədəniyyət idarələrinin festival çadırları qurulub, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin sərgisi keçirilib.

Festivala gələnlər Azərbaycanın bölgələrinin mədəni zənginliyi, özünəməxsusluğu, qədim tarixi, ənənələri, incəsənət nümunələri ilə maraqla tanış olublar. Parkda təqdim olunan konsert proqramı rəngarəngliyi ilə yadda qalıb. Hər bir regional idarə üzrə folklor qruplarının, incəsənət və bədii özfəaliyyət kollektivlərinin ifasında təqdim edilən musiqi nömrələri, rəqslər hamıda xoş ovqat yaradıb.

Tədbir iştirakçıları təəssüratlarını bölüşərək, yaradıcılıq festivalından razılıqlarını ifadə edib, xalqımızın mədəni irsinin təbliğində layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Bərdə Regional Mədəniyyət İdarəsini təmsil edən Elnur Cəfərov bu cür mədəniyyət tədbirlərinin ölkə turizminin inkişafına dəstək olduğunu deyib: “Azərbaycanın qədim guşələrindən olan Bərdədə hər zaman milli-mənəvi dəyərlərin qorunmasına, gələcək nəsillərə çatdırılmasına, mədəni irsin təbliğinə önəm verilib. Zəngin tarixi-mədəni irsə malik Bərdənin turizm potensialı da böyükdür. Odur ki, biz sərgidə Bərdəyə aid müxtəlif suvenirlər, əl işlərini nümayiş etdiririk. Bu isə həm də Bərdənin turizm imkanlarının təbliği deməkdir. Tədbirin bölgələr arasında mədəni mübadilənin daha da dərinləşməsində, regionlararası yaradıcılıq əlaqələrinin genişlənməsində rolunu yüksək qiymətləndirir, festivalın təşkilatçılarına təşəkkürümü bildirirəm”.

Sumqayıt Dövlət Rəsm Qalereyasının əməkdaşı Gülü Abdullayeva isə nümayiş etdirdikləri sənətkarlıq nümunələri haqqında məlumat verib: “Biz sərgidə dekorativ-tətbiqi sənət ustalarının əl işləri ilə təmsil olunuruq. Sərgidə suvenirlər, miniatür və bəzək nümunələri təqdim edilir. Nümayiş olunan əl işləri, həmçinin milli musiqimiz olan muğama aid əsər və milli geyimlərimiz iştirakçılar tərəfindən böyük maraqla qarşılanır”.

Lənkəran Regional Mədəniyyət İdarəsini təmsil edən Nurlana İbrahimova da festivalın böyük maraq doğurduğunu bildirib: “İki gündür Qarabağ torpağındayıq. Dünən Füzulidə, bu gün isə Ağdam rayonunda keçirilən yaradıcılıq festivalında iştirak edirik. Sakinlər sərgilərə, nümayiş olunan sənətkarlıq nümunələrinə, rəsmlərə, digər əl işlərinə çox maraqla baxırlar. Arzu edirəm ki, bu cür tədbirləri hazırda işğal altında olan torpaqlarımızda qeyd edək”.

Ağdam rayon sakini Xətai Abdullayev festivaldan razılığını belə ifadə edib: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən festival hər birimizin ürəyincədir. Azərbaycanın müxtəlif bölgələrinin təmsil olunduğu sərgiyə çox maraqla baxdım, bir daha xalqımızın mədəni irsinin zənginliyinin şahidi oldum. Təqdim olunan musiqi nömrələri isə zövqümüzü oxşadı. Cəbhə bölgəsində belə bir tədbirin keçirilməsi hər bir rayon sakini tərəfindən böyük razılıqla qarşılanır”.

* * *

“Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı Mədəniyyət Nazirliyinin digər regional idarələrində davam edəcək. Festivalın növbəti ünvanı Mingəçevir şəhəri, daha sonra Göyçay rayonu olacaq.

Beləliklə, layihə çərçivəsində ölkəmizin regionlarının mədəni irsi geniş şəkildə bütün ölkə boyu təqdim və təbliğ olunacaq. Xatırladaq ki, ötən illərdə nazirlik tərəfindən həyata keçirilən “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində ayrı-ayrı şəhər və rayonların mədəni irsi nümayiş olunmuşdu. Cümhuriyyətin 100 illiyi şərəfinə reallaşdırılan “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı isə ilk dəfə Azərbaycanın bütün regionlarını əhatə etməklə yanaşı, şəhər və rayonlara bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradacaq, bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə zəmin olacaq.