“Elektron Bakı” proqramının işlənilməsinin və həyata keçirilməsinin vaxtı çatıb. Azərbaycan şəhərlərinin elektron şəhərlərə çevrilməsi, ölkədə binaların vahid şəbəkəyə qoşulması üçün müvafiq sahədə fəaliyyət göstərən alim və mütəxəssislər birgə fəaliyyət göstərməlidirlər.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev məlumat verib.

Akademik dünyada informasiya texnologiyalarının inşaat sahəsində geniş tətbiq olunduğunu, beynəlxalq sərgilərdə memarlıq və heykəltəraşlıq nümunələrinin üçölçülü çapı, smart-binaların, şəhərlərin kompüter modelləşdirilməsi ilə bağlı məhsulların təqdim olunduğunu bildirib.

AMEA-nın akademik-katibi “Elektron Azərbaycan”ın qarşısında duran məsələlərin, bu istiqamətdə qəbul olunan dövlət proqramlarının həyata keçirildiyini vurğulayaraq növbəti mərhələdə kiberfiziki sistemlər əsasında yeni, innovativ infrastruktur layihələrinin icra edilməsinin zəruriliyini bildirib.