Hər bir sənətkar yaradıcılığında əks etdirdiyi yüksək təfəkkürü, dünyagörüşü ilə cəmiyyətdə bir irəliləyiş, tərəqqi yaradır. Onların ziyasından, zəkasından neçə-neçə insan həyatına işıq düşür. Azərbaycan səhnəsində və kinosunda özünəməxsus yaradıcılıq nümayiş etdirən, hər bir rolunda tamaşaçılara içdən gələn bir doğmalıq göstərən istedadlı aktyorlarımızdan biri də Sadıq Hüseynovdur.
O, 10 ildir ki, dünyasını dəyişib. Lakin müdrik səsi, nurani çöhrəsi məsləhətinə, böyüklüyünə ehtiyac duyulan bir doğma qədər unudulmur, yaddan çıxmır. Sadıq Hüseynov hətta ən epizod rolları və ifadəli səsi ilə çoxsaylı tamaşaçı qəlbində daim səmimi hisslər, duyğular yaradıb. Bəlkə də ona görə ki, hələ kiçik yaşlarından səhnədə və ekranda baş verənlərə duyğusal yanaşmış, hər kadrı və hər səhnəni insan həyatının inikası kimi qəbul etmişdi.
Sadıq Hüseynov 1924-cü il dekabrın 29-da Kürdəmirin Atakişili kəndində anadan olub. Atası Ömər kişi rayonun sayılıb-seçilən adamlarından idi, pambıq məntəqəsində müdir vəzifəsində çalışırdı. Anası Qəmzə xanım isə evdar qadın kimi altı uşağın (3 qız, 3 oğlan) təlim-tərbiyəsi ilə məşğul olurdu. Sadıq Hüseynov 1 saylı orta məktəbdə (1931-1941) təhsil alıb. Üçüncü sinifdə oxuyarkən əmisi Soltan onu rayon Mədəniyyət evində Abdulbağı Bağıyevin təşkil etdiyi xalq teatrının səhnələşdirdiyi Ə.Haqverdiyevin “Dağılan tifaq” tamaşasına aparıb. Tamaşanın sonunda qəribə bir hadisə baş verib. Əsərin qəhrəmanı xəncəri götürüb özünü vuranda kiçik Sadıq qışqıraraq zalı tərk edib. Əmisi ondan bunun səbəbini soruşanda o, bu hərəkətini aktyora və tamaşaya olan sevgisinə görə etdiyini bildirib.
Sadıq Hüseynov dördüncü sinifdə xalq teatrına üzv yazılır və bir çox tamaşalarda müxtəlif rollar oynayır. İstedadlı gənc yuxarı siniflərdə oxuyarkən səhnəyə daha da bağlanır, C.Cabbarlının “Aydın” əsərində Aydın, “Sevil”də Balaş, Ə.Haqverdiyevin “Dağılan tifaq” əsərində Nəcəf bəy və başqa maraqlı, rəngarəng obrazlar yaradar, özü ilə bərabər həmyaşıdlarını da sənətə, səhnəyə həvəsləndirərdi. Beləliklə, xalq teatrının səhnəsi onun ömrünün sonunadək sadiq qaldığı aktyorluq məsləyinin başlanğıcı oldu.
Onun gəncliyi ağır illərə təsadüf edib. Orta təhsili başa vurandan sonra Cəyilli kənd orta məktəbində bir il müəllimlik edib. 1942-ci ildə müharibəyə gedib. Ayağından ağır yaralandığına görə hospitalda bir müddət müalicə olunub. Müharibədən sonra Kürdəmir radiosunda çalışıb, ara-sıra mətbuatda məqalələrlə çıxış edib.
Sənətə sevgisini qəlbində daşıyan istedadlı gənc 1949-cu ildə M.Əliyev adına Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olur. 1951-ci ildə isə görkəmli rejissor Aleksandr Tuqanovun məsləhəti ilə ekstern yolu ilə imtahan verərək aktyorluq fakültəsinə keçirilir.
Ali təhsil ocağında müəllimləri Kazım Ziyadan, Rza Təhmasibdən sənətin sirlərini öyrənən Sadıq Hüseynov institut illərində də Azərbaycan radiosunda diktor kimi çalışır, radio tamaşalarında çıxış edir. 1952-ci ildə institutu bitirərək Gənc Tamaşaçılar Teatrına aktyor kimi işə qəbul olunur. Teatrın səhnəsində yazıçı Mir Cəlalın “Bir gəncin manifesti” əsərində Yəhya, S.Vurğunun “Fərhad və Şirin” pyesində Şuriyə, bir çox nağıl tamaşalarında qəhrəman obrazları yaradır. Elə həmin ildə də görkəmli rejissor və aktyor Adil İsgəndərovun dəvəti ilə Azərbaycan Dövlət Akademik Dram Teatrına gəlir. Bu teatrda onlarla xarakterik və yaddaqalan obraz yaradır: “Vaqif”də (S.Vurğun) Vidadi, “Pəri-cadu”da (Ə.Haqverdiyev) Əcinnə, “Qəribə adam”da (N.Hikmət) Əli, “Məkr və məhəbbət”də (F.Şiller) Müller və s.
Sadıq Hüseynov kinoya görkəmli kinorejissor Ağarza Quliyevin dəvəti ilə gəlib. Ağarza müəllim 1956-cı ildə çəkdiyi “Qara daşlar” filmində mühəndis obrazını səsləndirmək üçün ahəngdar səsə malik olan aktyoru dublyaja dəvət edir. Bundan sonra kinorejissorlar onun ifadəli səsindən öz filmlərində geniş istifadə edirlər. Sadıq Hüseynovun “Aygün” filmində müəllim, “Mateo Falkone”də serjant, “İstintaq davam edir”də milis nəfəri, “Onun böyük ürəyi” filmində Rəcəb, “Telefonçu qız”da Zakirin atası, “Yeddi oğul istərəm”də Axund Şirəli və başqa obrazları səsləndirməsi bu personajlara, sözün əsl mənasında, ikinci həyat verib. Aktyorun səsləndirdiyi epizodik rolların belə mövqeləri aydın tələffüzün, qüsursuz, bəzən də amiranə diksiyanın fonunda dəqiq çatdırılıb.
Dublyaj fəaliyyəti ilə paralel olaraq o, filmlərə də çəkilirdi. Bəzən də elə olurdu ki, bir filmdə həm çəkilir, həm də ikinci bir rolu səsləndirirdi. Məsələn, kinorejissor Eldar Quliyevin çəkdiyi “Bir cənub şəhərində” filmində aktyor ruhi xəstə Babaş (epizod) rolunu oynayıb, həmin filmdəki Mustafa (milis işçisi) obrazını isə səsləndirib. Çılğın Babaş həyatın oyuncağına çevrilən xəstə, Mustafa isə ailə-məişət problemləri qarşısında aciz qalan obrazlardır. Bu obrazların fərqli və oxşar cəhətləri çoxdur. Babaş ətrafında baş verənləri başa düşmədiyinə, Mustafa isə, tam əksinə, yaxşı başa düşdüyünə görə susur. O, həyat yoldaşının deyingənliyindən bezən, buna görə də qonşular yanında ciddi simasını qoruya bilməyən, vaxtının çoxunu qəzet oxumaqla keçirən, baş verən xoşagəlməz hadisələri görməməzliyə vuran personajdır. Lakin Mustafanın (aktyor S.Həsənzadə) mədəni mühitə, əmin-amanlığa olan ehtiyacını, ailəsinin və ətrafının görmək istəmədiyi daxili müdrikliyini səsindən duymaq mümkündür. Mənalı və obrazlı səs susqun, təmkinli rolu daha canlı təqdim edir.
“Dəli Kür” filmində Cahandar ağa ilə namus davası edən (əslində buyruq qulu olan) Allahyarın mənəvi kasıblığı, “Qəm pəncərəsi”ndə isə XX əsrin əvvəllərində avamlığı ucbatından uşaqlarını məktəbdən gizləyən, onların istedadını boğan valideynləri tərəqqipərvərliyə çağıran Rəşid bəyin (hər iki rolun ifaçısı M.Bürcəliyev) kamil mənəvi dünyası peşəkar ifalarla bərabər, mənalı səsin məzmununda açılır. Sadıq Hüseynov “Azərbaycanfilm” kinostudiyasında ümumilikdə 100-ə yaxın bədii film və “Mozalan” kinojurnalının süjetlərində çəkilib, eyni zamanda yerli və xarici ekran əsərlərinin səsləndirilməsində iştirak edib.
İstedadlı aktyor sənətdə göstərdiyi xidmətlərə görə 1974-cü ildə respublikanın “Əməkdar artist”i fəxri adına layiq görülüb. Bu illərdə kinoya daha çox dəvət alan aktyor teatr fəaliyyətini 1976-cı ilə qədər davam etdirib. Çünki 50-ci illərin sonundan etibarən kinoda çoxşaxəli yaradıcılıq nümayiş etdirən Sadıq müəllim həmin ildə “Azərbaycanfilm” kinostudiyasının direktoru Həsən Seyidbəyli və kinostudiyada yeni açılmış kino aktyoru teatrının bədii rəhbəri Leyla Bədirbəyli tərəfindən bu teatra dəvət edilir. Orda hazırlanan əsərlərdə rol alan aktyor hətta Sabit Rəhmanın “Xoşbəxtlər” tamaşasına da quruluş verir. Sonradan Sadıq müəllim kinoaktyor kurslarının birinə rəhbərlik edir.
Sadıq Hüseynov kinostudiyadan 1987-ci ildə ayrılsa da, sonralar dəvət aldığı filmlərə məmnuniyyətlə çəkilir, səsinə və yaşına uyğun personajlara uğurlu ekran taleyi bəxş edirdi. Bununla bərabər o, televiziya və radio ilə sıx əməkdaşlıq edirdi. Televiziyada R.Kazımovski, R.Həsənoğlu, M.Bədiqzadə, Ə.Kazımovski, T.Vəliyev və digər istedadlı rejissorların quruluşlarında hazırlanan tamaşalarda rol alan aktyor “Hekayə axşamı”, “Klassik irsimizdən”, “Lirika dəftərindən” və balacalar üçün hazırlanan “Sizə kimdən deyim”, “Sehrli güzgü” verilişlərində də çıxış etmişdir.
“Sehrli güzgü” verilişində yaratdığı Savalan baba obrazı onu uşaqlı-böyüklü çoxsaylı tamaşaçıya sevdirdi. 70-ci illərin ortalarında Azərbaycan radiosunda yayımlanan “Biləyən” verilişində yaratdığı Savalan baba obrazı uzun illər dinləyicilərin sevimlisinə çevrildi. 1988-ci ildə Azərbaycan televiziyasının uşaq verilişləri baş redaksiyasına dəvət olunan aktyor “Sizə kimdən deyim” verilişində yenidən Savalan baba obrazı ilə tamaşaçıların görüşünə gəldi. Onun mavi ekrandan uşaqlara səmimiyyətlə ünvanladığı “gözümün işığı”, “evimin yaraşığı” kəlmələri övladlarına müdrik kəlamı, ibrətamiz nəsihəti ilə sığal çəkən valideyn himayədarlığını, qayğıkeşliyini təcəssüm etdirirdi.
Sadıq Hüseynovun səmimi ifasında təqdim olunan Savalan baba obrazı əsl el ağsaqqalı idi. O, sənətinə və insanlara olan sevgisini məsləyində aydın göstərirdi. Taleyin qəribə təsadüfinə bax ki, sənətkar məhəbbətlə bağlandığı, ətrafındakıları dərin sevgisi ilə əhatə etdiyi dünyasını da 2003-cü ilin 1 iyun tarixində, “Beynəlxalq uşaqları müdafiə günü”ndə dəyişib. Biz onu böyük aktyor kimi xatırlayırıq. Çoxlarının qəlbində, yaddaşında isə o, səmimi insan, ustad sənətkar kimi qalıb.
Şəhla Bürcəliyeva,
kinoşünas