Bu məqam qurumla ölkəmiz arasında gələcək münasibətlərə dair “Tərəfdaşlıq prioritetləri” sənədində əksini tapıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb. Görüşdən sonra “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanma mərasimi olub.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və bu yaxınlarda rəsmi açılışı olan TANAP layihəsinin bu məsələdə böyük əhəmiyyəti vurğulanıb. Eyni zamanda Azərbaycanın yerləşdiyi regiondakı vəziyyət, regional təhlükəsizlik və çağırışlar haqqında da fikir mübadiləsi aparılıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Prezident İlham Əliyev münaqişənin hazırkı vəziyyəti barədə məlumat verib.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycanın dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəyə malik olduğunu qeyd edib.

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan ilə Avropa İttifaqı arasında paraflanacaq “Tərəfdaşlıq prioritetləri” sənədini yüksək qiymətləndiriblər, bu sənədin Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacağını məmnuniyyətlə qeyd ediblər.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması mərasimi olub.

Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa Komissiyasının vitse-prezidenti, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini paraflayıblar.

Sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Eyni zamanda birinci bənddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur.

Sənəddə Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfə də Avropa İttifaqı tərəfindən vurğulanır. Eyni zamanda “Cənub Qaz Dəhlizi” layihəsinin tezliklə tam yekunlaşmasının və bunun nəticəsində Avropa bazarlarına təbii qazın çatdırılmasının əsas prioritetlər sırasında olduğu bildirilir.

Sənəddə Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfənin əhəmiyyəti vurğulanır və bu sahədə Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa xüsusi marağı olduğu bildirilir. Paraflanan sənəddə Azərbaycan ilə Avropa İttifaqı arasında vizaların ləğvi sahəsində dialoqun perspektivləri də əksini tapıb.

* * *

İyulun 12-də Azərbaycan Prezidenti Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə çıxış edib.

Dövlət başçısı diqqətə çatdırıb ki, 2002-ci ildən başlayaraq ölkəmizin sülhməramlıları NATO hərbçiləri ilə Əfqanıstanda çiyin-çiyinə xidmət edirlər. Azərbaycan bir neçə dəfə Əfqanıstan Milli Ordusu üçün Etimad Fonduna maliyyə dəstəyi göstərib. Ölkəmiz Qətiyyətli Dəstək missiyasına nəqliyyat və logistik dəstək də göstərir. Ötən il Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi bu missiyaya tranzit dəstəyi göstərilməsinə böyük dərəcədə kömək edib.

Prezident vurğulayıb ki, Ermənistanın təcavüzündən əziyyət çəkən və bu təcavüz nəticəsində beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olunmuş, bir milyon soydaşına qarşı məlum acınacaqlı etnik təmizləmə törədilmiş Azərbaycan işğalın və dağıntının iqtisadi və humanitar nəticələrini yaxşı anlayır. Azərbaycan NATO və bu təşkilatın üzv dövlətləri tərəfindən ölkəmizin siyasi müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və Ermənistanla münaqişənin bu prinsiplərə əsaslanan həllinə verdiyi davamlı dəstəyi yüksək qiymətləndirir.

Onu da qeyd edək ki, NATO-nun Brüsseldə keçirilən Zirvə toplantısının yekun kommunikesində növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub. Azərbaycanın Xarici İşlər Nazirliyinin bununla bağlı yaydığı bəyanatda bildirilir ki, 2006-cı ildən başlayaraq NATO zirvə toplantılarında Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə davamlı olaraq dəstək ifadə edilir.