Regional idarələrin tabe rayonlar üzrə nümayəndələrinin fəaliyyətinə həsr olunmuş müşavirə

İyulun 12-də Azərbaycan Milli Kitabxanasında mədəniyyət nazirinin müavini Rafiq Bayramovun sədrliyi ilə nazirlikdə aparılmış struktur islahatları və regional mədəniyyət idarələrinin baş məsləhətçilərinin – rayonlar üzrə nümayəndələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi.

Müşavirədə nazirliyin müvafiq struktur bölmələrinin əməkdaşları, 15 regional mədəniyyət idarəsinin rayonlar üzrə nümayəndələri iştirak edirdi.

Gündəlikdə duran məsələlər barədə məlumat verən Rafiq Bayramov Mədəniyyət Nazirliyində aparılan son islahatların əhəmiyyətindən danışdı. Prezident İlham Əliyevin 6 iyun 2018-ci il tarixdə Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı fərman imzaladığını diqqətə çatdıran nazir müavini qeyd etdi ki, fərmana əsasən nazirliyin yeni strukturu təsdiq edilib, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələrində işçilərin say tərkibi müəyyən olunub.

Vurğulandı ki, müşavirənin əsas məqsədi həyata keçirilən islahatlar nəticəsində qarşıya qoyulan yeni hədəflərə nail olmaq və bu istiqamətdə atılacaq addımların müzakirəsidir: “Artıq nazirlikdə yeni struktur tam formalaşıb. Bundan sonra regionlarla daha sıx işləyərək qarşımıza qoyulan məqsədlərə nail olacağıq. Buna görə də belə görüşlərin mütəmadi təşkil olunması vacibdir. Bu həm regionlardakı mədəniyyət müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi, həm də gələcək fəaliyyət üçün istiqamətlərin müəyyən olunmasına töhfə verə bilər”.

Rafiq Bayramov qeyd etdi ki, regional idarələrin fəaliyyətinin təmin olunması üçün nazirliyin tərkibində Regional siyasət şöbəsi və iki sektor - Təhsil müəssisələri ilə iş və Regional idarələrin koordinasiyası və tabe qurumlarla iş sektoru yaradılıb. Nazir müavini regional idarələrlə yeni yaradılan Regional siyasət şöbəsinin qurulacaq iş prinsipləri haqqında da danışdı, bu istiqamətdə idarəçiliyin daha da effektiv olacağını bildirdi.

Müşavirədə çıxış edən Regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli həyata keçirilən islahatlar nəticəsində regional idarələrlə qurulacaq işin prinsiplərindən söz açdı. Qeyd etdi ki, təkcə regional mədəniyyət idarələrinin yerləşdiyi rayonlar deyil, tabelikdə olan rayonlar üzrə nümayəndələr də nazirliyin müvafiq şöbəsi ilə sıx əlaqələr qurmalıdırlar. Bildirildi ki, mədəniyyət sahəsində regional idarəçiliyə keçilməsi bir sıra məsələlərin həllinin effektivliyini təmin edib. Yeni strukturun müəyyən olunmasından sonra regionlarda mədəniyyətin inkişafına xüsusi diqqət ayrılıb: “Üzərimizə qoyulan böyük vəzifələr var. Biz bu məsələlərin həll olunması üçün yeni planlar hazırlamalıyıq. Ona görə də regionlarda mədəniyyətin inkişafı, göstərilən xidmətlərin səviyyəsinin artırılması üçün yerlərdən təkliflər gözləyirik”.

Qeyd olundu ki, bölgələrdə göstərilən mədəni xidmətlərin səviyyəsinin artırılmasında ixtisaslı kadrların işə cəlb olunması vacib məqamlardandır. İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov çıxış edərək regional idarələrin və onlara tabe rayonların mətbuatla iş prinsiplərinin qurulmasından danışdı: “Aparılan islahatlardan sonra nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin işi daha da genişlənəcək. Nazirlik tərəfindən həyata keçirilən tədbirlərin işıqlandırılma, eləcə də regionlarda təşkil olunan tədbirlərin, sərgilərin mətbuatda, televiziyalarda geniş işıqlandırılması diqqətdə saxlanılacaq. Eyni zamanda regionlarda keçirilən tədbirlər və regionların mədəni həyatı ilə bağlı geniş məqalələr dərc olunmalıdır. Nazirliyin mətbu orqanları ilə də sıx əməkdaşlıq qurulmalıdır. Bunun üçün İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi olaraq hər cür dəstək verməyə hazırıq”.

Şöbə müdiri mətbuatla əməkdaşlıq üçün regional idarələrə bu sahə üzrə bacarıqlı kadrların işə cəlb olunmasının vacibliyini də qeyd etdi.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayonu üzrə nümayəndəsi İlham Manafov, Şuşa rayonu üzrə nümayəndə Zahid Abbasov, Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax rayonu üzrə nümayəndəsi Rafiq Məmmədov, Tərtər rayonu üzrə nümayəndə Ceyhun İsmayılzadə və başqaları çıxış edərək regionlarda həyata keçirilən tədbirlərdən danışdılar. Gələcək fəaliyyətin yüksəldilməsi üçün atılmalı olan addımlar diqqətə çatdırıldı.

Tədbir struktur islahatları, regional mədəniyyət idarələrinin baş məsləhətçilərinin – rayonlar üzrə nümayəndələrin fəaliyyətinin gücləndirilməsi məsələlərinin müzakirəsi ilə davam etdi, fikir mübadiləsi aparıldı.

Müşavirənin sonunda Rafiq Bayramov regionlarda keçirilən tədbirlərin səviyyəsinin daha da yüksəldilməsi, əhaliyə göstərilən mədəni xidmətlərin genişləndirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verdi.

Fariz HÜSEYNOV