Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da respublikanın digər teatr-konsert müəssisələri kimi mövsümü başa vurur. 86-cı teatr mövsümünün iyulun 15-də keçiriləcək bağlanışı premyera ilə yadda qalacaq.
Mövsümün son günü teatrsevərlər M.Seyidzadənin “Cırtdan” mənzum nağıl-pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərini izləyəcəklər. Tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. O, vaxtilə mərhum dramaturq Rəhman Əlizadə tərəfindən səhnələşdirilmiş tamaşaya müasir kukla texnikalarının köməyi ilə yeni quruluş verməyə çalışıb. Birhissəli tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur. Mərhum bəstəkarın tamaşaya yazdığı musiqilər də yeni səsləndirmədə təqdim olunacaq. Rolları Elmira Hüseynova, Rəhilə İbadova, Elnur Əliyev, Elnur Xəlilov, Adil Dəmirov, Aygül Ağayeva, Vüsal Hüseynov ifa edirlər.
Mövsümün son günü həmçinin rusdilli tamaşaçılara klassik nağıl əsasında hazırlanaraq yeni səhnə həlli və adı verilən “Üç cəsur” adlı tamaşa təqdim olunacaq. Rejissor Qurban Məsimov Cırtdan, Hadı və Bıdının sıx dostluğu üzərində qurulan səhnə işinə yeni obrazlar əlavə etsə də, əsərin ana xəttini saxlayıb.
Rolları Rauf Babayev, Lina Məmmədova, Afət Ağayeva, Adil Dəmirov, Elmira Hüseynova, Araz Həsənli ifa edirlər.
Tamaşaların nümayişindən sonra müəssisənin yaradıcı həyatında xüsusi rol oynayan əməkdaşlar rəhbərlik tərəfindən müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.