Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Etnoqrafiya və Arxeologiya İnstitutunun kitabxanasından Dağıstan və Şirvan tarixinə dair Azərbaycan dilində yazılmış “Kitabi-nəsəbnameyi-ümərayi-Qaytaq” əsərinin əlyazmasının surətini əldə edib.
Əlyazmalar İnstitutundan bildiriblər ki, əsərdə erkən orta əsrlərdən XIX əsrə qədər Dağıstan və Şirvanda cəmiyyətin siyasi, sosial-iqtisadi və diplomatik həyatında baş verən hadisələr şərh olunur.
Yazılı abidənin mühüm hissəsini Azərbaycan alimi Mahmud Xınaluqinin bölgənin tarixinə dair 1456-cı ildə Azərbaycan türkcəsində yazdığı əsərdən götürülmüş parçalar təşkil edir. Bu dəyərli mənbə orta əsrlərdə Azərbaycan türkcəsində yazılmış tarixi əsərlərin dilinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.