Rumın əsilli məşhur alim, yazıçı və dövlət xadiminin nəslindən bəhs edən kitabın təqdimatı
İyulun 11-də Milli Kitabxanada Eleonora Borisovna Kantemirin “Dəmir qan. Dimitri Kantemir xanədanlığının 300 illiyi” kitabının təqdimatı keçirilib.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları və tədbir iştirakçılarını salamlayıb.
K.Tahirov çıxışında Dimitri Kantemir (1673-1723) haqqında qısa məlumat verərək onun böyük yazıçı, dövlət xadimi, alim, eyni zamanda qədim türk, Osmanlı musiqisinə dəyərli töhfələr verən bir bəstəkar olduğunu qeyd edib. Diqqətə çatdırılıb Dimitri Kantemirin İstanbulda olarkən yaşadığı evlərdən biri 2007-ci ildə bərpa edilərək muzey kimi fəaliyyət göstərir.
Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku çıxışında D.Kantemiri böyük şəxsiyyət, dövrün tanınmış tarixçi alimi və musiqiçisi kimi xarakterizə edib. Bildirib ki, Dimitri Kantemirin Osmanlı imperiyası dövründə klassik türk musiqisinə verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir.
Daha sonra söz kitabın müəllifi Eleonora Kantemirə verilib. O, Bakıda əvvəllər də bir neçə dəfə olduğunu bildirərək, şəhərimizi çox bəyəndiyini, onun daha da inkişaf edərək dünyanın ən gözəl şəhərlərindən biri olduğunu qeyd edib. Qonaq həmçinin insanların çox mehriban və ürəyiaçıq olmalarını və onu xoş qarşıladıqlarını xüsusilə vurğulayıb.
Müəllif kitabda Kantemirlər sülaləsinin keçmişdən bugünə qədər olan tarixini anlatdığını və kitabı yazarkən apardığı araşdırmalar zamanı bu nəsil haqqında maraqlı məlumatlar əldə etdiyini bildirib. Ən maraqlısı isə odur ki, o, yarım əsr sonra Bakıda onunla eyni adı daşıyan bacısını tapdığını və buna görə Azərbaycanın, Bakının onun üçün doğma bir yer olduğunu bildirib.
Sonda Kərim Tahirov Milli Kitabxana haqqında olan bir neçə nəşri qonağa hədiyyə edib. Eleonora Kantemir isə öz növbəsində təqdimatı keçirilən kitabdan bir neçə nüsxəni Milli Kitabxananın fonduna bağışlayıb.