AMEA-nın institutlarının hazırladığı kitabın və saytın təqdimatı keçirilib

İyulun 12-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun və SOCAR AQŞ-nin təşkilatçılığı ilə “Molla Nəsrəddin lətifələri” kitabının və www.mollanasreddin.az portalının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə son illər dünyada ictimai və humanitar elmlər içərisində folklora marağın artdığını deyib. Cəmiyyətdə ictimai nikbinlik əhval-ruhiyyəsinin yüksəldilməsi, sosial stressin aradan qaldırılması, sosial inteqrasiyanın təmin edilməsində folklorun böyük rola malik olduğunu vurğulayan akademik Molla Nəsrəddin lətifələrinin toplanılması, kataloqlaşdırılması və araşdırılmasının əhəmiyyətini vurğulayıb.

AMEA-nın prezidenti Folklor və İnformasiya Texnologiyaları institutlarının əməkdaşlığı nəticəsində “mollanasreddin.az” portalının yaradılmasını yüksək dəyərləndirib.

Kitabı tədbir iştirakçılarına təqdim edən filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev bildirib ki, nəşrdə ümumtürk mədəniyyətinin ortaq gülüş qəhrəmanı olan Molla Nəsrəddinlə bağlı XIX əsrin ikinci yarısından bu günə qədər Azərbaycanda nəşr olunmuş 30-a yaxın mənbədən 600-dən artıq lətifə toplanıb. Dil-üslub baxımından müasir ədəbi dilin tələblərinə uyğunlaşdırılan lətifələrdə işlənən bir sıra arxaik sözlərin izahı da verilib. H.Quliyev “mollanasreddin.az” portalı haqqında da danışıb. Bildirib ki, portalda Molla Nəsrəddin lətifələrinin, bu barədə tədqiqat əsərlərinin tapılması üçün axtarış sistemi yaradılıb.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib ki, Azərbaycan beynəlxalq miqyasda yalnız yeraltı sərvətləri, nefti və qazı, yəni iqtisadi qüdrəti ilə deyil, həm də öz mənəvi dəyərləri, mədəni irsi ilə tanınır. O, Molla Nəsrəddin lətifələrinin müxtəlif məziyyətlərindən söz açıb, bu lətifələrin tərbiyəvi məzmunla yanaşı, xalqımızın min illər ərzində qazandığı təcrübə və ətraf aləm haqqında bilikləri, deyim-duyumlar və ictimai münasibətləri barədə zəngin informasiya daşıdığını qeyd edib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli müasir azərbaycançılıq ideologiyasının formalaşdırılması, tədqiqi və təbliği baxımından folklorun rolundan söz açıb. Vurğulanıb ki, Molla Nəsrəddin türk dünyasının ortaq mənəvi dəyəri, mədəniyyət abidəsidir.

AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Molla Nəsrəddin lətifələrinin poetik baxımdan təhlilinin yeni metodoloji baxışlar əsasında aparılmasının zəruriliyini vurğulayıb. Akademik təqdim olunan kitabın Molla Nəsrəddin lətifələrinin mətnlərini tam əhatə etdiyini bildirib.

Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımov isə Molla Nəsrəddin obrazı barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb: “Molla Nəsrəddin xalq gülüş mədəniyyətinin elə unikal obrazlarındandır ki, onun təbiətində bir sıra sosial, mədəni, mifoloji, dini təsisatların izlərini tapmaq mümkündür. Bu baxımdan multidissiplinar kontekstdə geniş tədqiq olunmalıdır”.