“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) respublikamızın bölgələrində yaratdığı filiallar fəaliyyətə başlamamışdan əvvəl xalçaçılıq üzrə tədris-hazırlıq kursları təşkil olunur. Cəmiyyətin 2016-2017-ci illərdə yaradılan filiallarında çalışan toxucular bu kurslarda xalçaçılığın sirlərinə yiyələniblər.
“Azərxalça” ASC-dən bildirilib ki, qeyd olunan dövrdə tədris-hazırlıq kurslarına 1500 nəfər cəlb olunub. 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan daha 10 filialda çalışacaq toxucular üçün tədris-hazırlıq kursları təşkil edilib.
İyulun 11-də “Azərxalça” ASC-nin sədri, professor Vidadi Muradov Abşeron rayonunun Qobu qəsəbəsində təşkil olunan tədris-hazırlıq kursuna cəlb edilən qadınlarla görüşüb.
Məlumat verilib ki, tədris-hazırlıq kursu hanalarla, avadanlıqlarla, xammalla, eyni zamanda xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyatlarla, dərsliklərlə təmin edilib. İndiyədək hazırlıq kursuna 50 nəfər cəlb olunub. Tədris-hazırlıq kursunda iştirak etmək üçün təkcə Qobu qəsəbəsindən deyil, yaxınlıqdakı Hökməli və Güzdək qəsəbələrindən də müraciətlər var.
Qeyd edilib ki, Goranboy, Tərtər, Kürdəmir, Şabran, Qobustan rayonlarında, Lənkəran şəhərində də belə kurslar təşkil olunub. Kurslar başa çatdıqdan sonra “Azərxalça” tərəfindən sertifikat verilən toxucular filiallarda işlə təmin ediləcəklər.
Görüşdə xalçaçılığın müasir vəziyyəti, problemləri, onların aradan qaldırılması yolları, həmçinin bu sənətin daha kütləvi şəkildə davam etdirilməsi imkanları müzakirə olunub.