İyulun 9-10-da UNİCEF-in (BMT-nin Uşaq Fondu) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Azərbaycanın cəbhəyanı ərazilərini – Tərtər, Bərdə və Goranboy rayonlarını ziyarət ediblər.

Səfərin məqsədi UNİCEF və BAMF-ın birgə layihəsinin – AYAP gənclər proqramının monitorinqi idi. Səfərdə Azərbaycanın sərhəd ərazilərində yaşayan gənclərin həyatı barədə öyrənməyə maraq göstərən Zimbabve və Mozambikdən olan xarici tələbələr də iştirak ediblər.

Səfər zamanı rayon rəhbərləri ilə görüşlər keçirilib, yerlərdə gənclərlə bağlı həyata keçirilən layihələr barədə məlumat verilib.

UNİCEF-in nümayəndəsi Azərbaycanın rayonlarında gənclərin inkişafında onların özlərinin maraqlı olmasını müşahidə etməkdən məmnun olduğunu bildirib. Edvard Karvardin deyib ki, monitorinq qrupu cəbhə zonasında AYAP-la birgə layihə çərçivəsində UNİCEF tərəfindən tərəfdaşı olan BAMF ilə birlikdə fəal iş aparıldığına əmin olub: “Gənclər özləri layihə təşəbbüsü ilə çıxış edir. Onlar üçün bu çox müsbət təcrübədir. Gənclər cəmiyyətdə rol oynamaq, onun fəal hissəsi olmaq istəyir. Onlar öz rayonunun inkişafına gələcəkdə kömək etmək üçün yeni bacarıqlar öyrənməyə çox həvəslidirlər”.