Biləsuvar Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Salyan rayon Mədəniyyət mərkəzinin “Güzgü” miniatür xalq teatrı və “Hünər” sirk-estrada xalq kollektivinin bazasında yeni “DAMA” art-studiyası yaradılıb. Studiyaya rayon mədəniyyət işçiləri ilə bərabər yerli həvəskar aktyorlar da cəlb olunub.
Art-studiyanın yaradılmasının əsas məqsədi rayonda və ətraf ərazilərdə mədəniyyət və incəsənət sahəsini daha da təkmilləşdirmək, əhalinin asudə vaxtlarını səmərəli təşkil etmək, həmçinin yaradıcı gəncləri bir araya toplamaqdır. Studiya fəaliyyətinə müasir həyatımızı əhatə edən müxtəlif satirik səhnəciklər, eləcə də mono və qısa tamaşalarla başlayacaq.
Bu münasibətlə keçirilən toplantıda Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov “DAMA” art-studiyasına uğurlar arzulayıb, kollektivə köməklik göstəriləcəyini vurğulayıb. Bildirilib ki, Salyanda uzun zaman teatr, səhnə ənənəsi olub. Həmin ənənə gənclər tərəfindən davam etdirilməlidir.
Qeyd edək ki, “DAMA” art-studiyasının ilk səhnə nümayişləri sentyabr ayına nəzərdə tutulub. Art-studiya Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Salyan Dövlət Kukla Teatrı və başqa teatrlarla əməkdaşlıq quracaq.