Xalq rəssamı Sakit Məmmədovun rəsm qalereyasında “Azərbaycan dünyası” beynəlxalq jurnalının növbəti nömrəsinin təqdimatı keçirilib.

Nəşrin təsisçisi və baş redaktoru Eldar İsmayılov bildirib ki, 1998-ci ildə yaradılan və üç dildə (Azərbaycan, rus və ingilis) çıxan jurnal əsasən azərbaycanlıların xarici ölkələrdə sıx yaşadığı ərazilərdə yayılır. Məqsəd həmvətənlərimizin birləşməsinə, onların hüquqlarının və ictimai maraqlarının müdafiəsinə, Vətən və türk dünyası ilə əlaqələrinin genişləndirilməsinə töhfə verməkdir.

Jurnal “Dədə Qorqud” mükafatının, sülh naminə “Vətən övladı”, “Qızıl ürək” və “Mehriban ana” ordenlərinin təsisçisidir. Jurnalın idarə heyətinin fəxri üzvləri akademiklər, ziyalılar və tanınmış ictimai xadimlərdir.

Tədbirdə ölkəmizdəki Pravoslav kilsəsinin rəhbəri Aleksandr ata, Alban-Udi xristian icmasının sədri Robert Mobili, Xalq rəssamı Sakit Məmmədov, rəssam-memar Şahvələd Məmmədov və başqaları Azərbaycanda multikultural dəyərlərdən, tarixən bu sahədə əldə olunan nailiyyətlərdən, dinlərarası dialoqa xüsusi diqqət yetirilməsindən, bu fonda ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasından söhbət açıblar.