Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri kitaba marağın artırılması, əhaliyə mütaliə mədəniyyətinin aşılanmasıdır. Bununla bağlı “Ev kitabxanası”, “İmzalı görüş” layihələri, “Oxuyaq və oxudaq” aksiyaları həyata keçirilir, uşaq və qocalar evlərinə, təhsil ocaqlarına, məişət və iaşə obyektlərinə kitablar hədiyyə edilir. Həmçinin 2015-ci ildən başlayaraq, “Dini maarifləndirmə” layihəsi çərçivəsində məscidlər, kilsə və sinaqoqlar dini və dünyəvi ədəbiyyat nümunələri ilə təmin olunur.
Fond tərəfindən ibadət ocaqlarına multikulturalizmi və tolerantlığı, dövlətlə din arasında sivil münasibətləri, ölkəmizdə bərqərar olmuş dini həmrəyliyi təbliğ edən, milli-mənəvi və dini dəyərlərimizdən bəhs edən nəşrlər hədiyyə edilib. “Məscid kitabxanası” təkcə dindarlar üçün deyil, hər bir kitabsevərin üzünə açıqdır.
Bilik Fondu layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələri əhatə olunmaqla şəhər, qəsəbə və kəndlərdə yerləşən 50-dən çox dini məbədə 2500-dən çox kitab hədiyyə edib.
Ölkəmizdə yaşayan və pravoslav kilsəsində ibadət edən rusdilli əhali üçün Bilik Fondunun “Azərbaycan dilini öyrənirik” layihəsi çərçivəsində artıq üç ildir ki, ödənişsiz “Azərbaycan dili” danışıq kursları fəaliyyət göstərir. Paytaxtın Jen Mironosits və Mixaylo-Arxangel kilsələrində, “Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəyliyi İctimai Birliyində, Qəbələ rayonunda udilərin kompakt yaşadıqları Nic qəsəbəsindəki Cotari Alban-Udi xristian kilsəsində dövlət dili tədris olunur. Fond mütəmadi olaraq təlimdə iştirak edənləri zəruri tədris və məlumat ədəbiyyatı, əyani vəsaitlər, danışıq kitabçaları və lüğətlərlə təmin edir, dinləyiciləri Azərbaycan dilində film nümayişləri və teatr tamaşalarına dəvət edir, muzey və sərgilərə ekskursiyaları təşkil edir.
İbadət ocaqlarında dini və dünyəvi ədəbiyyat nümunələri ilə ünsiyyət bu ocaqları ziyarət edənlərin təkcə oxucu mədəniyyətini inkişaf etdirmir, həm də onların zəngin mədəniyyətimizə və incəsənətimizə marağını artırır, milli-mənəvi, əxlaqi və dini dəyərlərimizə qayğılı münasibətini formalaşdırır.