İyulun 11-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1894-1899-cu illərdə anadan olmuş vətəndaşların orduya çağırılması və Azərbaycan Əxzi-Əsgər Təşkilatının yaradılması haqqında qərarları ilə bağlı tədbir keçirilib.
Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev çıxışında Cümhuriyyət dövründə dövlətçilik prinsiplərindən danışıb. Bildirib ki, 1918-ci il iyulun 11-də Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti “Mükəlləfiyyət əsgəriyyə ifasına dəvət haqqında qərar” qəbul edib. Bu qərarla Cümhuriyyətin 1894-1899-cu il təvəllüdlü bütün müsəlman vətəndaşlarının Azərbaycan ordusuna çağırıldıqlarını bildirib. Qeyd olunub ki, həmin tarixdə verilmiş 55 saylı qərarla Gəncə Əxzi-Əsgər Dairəsi Azərbaycan Əxzi-əsgər İdarəsi adlandırılıb, ölkədə hərbi xidmətə çağırış və səfərbərlik işinin təşkili mərkəzləşdirilib.
“Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı Əxzi-Əsgər İdarəsinin fəaliyyətindən, Xalq Cümhuriyyəti dövründə hərbi xidmətə çağırışın təşkili qaydalarından danışıb.