Böyük Britaniyada yaxın günlərdə qüvvəyə minmiş “şəkər vergisi”nin tətbiqində əsas məqsəd uşaqların piylənməsinə qarşı mübarizə aparmaqdır.
Bu barədə müzakirələrə iki il əvvəl başlanıb və o vaxtdan bəri ölkədə şirin içkilərin tərkibində işlədilən şəkərin miqdarı 45 min ton azaldılıb. Qida istehsalçıları öz məhsullarının reseptinə yenidən baxaraq vergi tutulan həddi aşmamaq üçün müvafiq addımlar atıblar.
Böyük Britaniyanın Səhiyyə Nazirliyindən bildirilib ki, “şəkər vergisi”nin tətbiqi məsələyə novatorluqla yanaşmadır və bunun şirniyyat istehlakının azalmasına əsaslı təsiri var. Bundan əlavə, hökumət uşaqlar üçün idman proqramlarını və məktəblilər üçün sağlam yeməklərin istehsalını maliyyələşdirəcək.
İstehsalçıların içkilərin tərkibindəki şəkəri azaltması sayəsində birinci il “şəkər vergisi”ndən büdcəyə cəmi 240 milyon funt-sterlinq vəsait daxil olacaq.
Böyük Britaniyanın şirin içki istehsalı ilə məşğul olan “Coca-Cola”, “Britvic” və “Lucozade Ribena Suntory” kimi aparıcı şirkətlərinin hamısı öz məhsullarının tərkibində dəyişiklik ediblər. Buna baxmayaraq ölkədə ən çox satılan “Coca-Cola Classic” içkisinə görə “şəkər vergisi” ödənilməli olacaq. Digər ticarət şəbəkələri də brend içkilərin reseptinə yenidən baxmaq məcburiyyətindədir.