Prezident İlham Əliyev iyulun 17-də “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan dili xalqımızın mənəvi sərvəti və dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir. Ölkədə dil siyasətinin formalaşdırılması, ana dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilməklə, həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolunun və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanları, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, eləcə də “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun və dil siyasəti sahəsində digər normativ hüquqi aktlar Azərbaycanda dilçilik sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən edib.
Bu gün Azərbaycan dilinin istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılıb. Eyni zamanda, elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir.
Azərbaycan Respublikasında hər il yüzlərlə əcnəbi təhsil alır. Ölkəmizi əcnəbi tələbələrə daha yaxından tanıtmaq, onların Azərbaycan cəmiyyətinə inteqrasiyasını asanlaşdırmaq və ölkəmizlə mənəvi bağlarını daha da möhkəmlətmək üçün əcnəbilərin, o cümlədən ölkəmizdə təhsil alan xarici ölkə vətəndaşlarının Azərbaycan dilini öyrənməsinə imkan yaradılması əhəmiyyətli məsələlərdən biridir.
Sərəncamda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Respublikasında “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin tətbiqinə, həyata keçirilməsi mexanizmlərinə və icra müddətinə dair təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin tətbiqinin məqsədəuyğunluğu barədə, habelə həmin layihənin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaitinə dair təkliflərini, layihənin tətbiqindən gözlənilən nəticələr barədə proqnozları 2018-ci il dekabrın 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Sərəncam 2018-ci il avqustun 1-dən qüvvəyə minir.
Qeyd edək ki, 1 avqust “Azərbaycan əlifbası və Azərbaycan dili günü”dür. 2001-ci ilin həmin tarixində ölkəmizdə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatıb.