Fransanın “Lettre Diplomatique” jurnalının növbəti nömrəsi Azərbaycana həsr olunub. Jurnalda Şərq və Qərb arasında körpü rolunu oynayan ölkəmizin beynəlxalq təşkilatlarla əlaqələri, mədəniyyətlər və dinlər arasında dialoq platforması olması, həmçinin Bakının “Ekspo 2025” Dünya Sərgisinə ev sahibliyi üçün namizədliyinin irəli sürülməsindən bəhs edilir.
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev jurnalda dərc olunan müsahibəsində 100 illiyini qeyd etdiyimiz Xalq Cümhuriyyətinin tarixi, nailiyyətləri, Cümhuriyyətin varisi olan Azərbaycan Respublikasının uğurları, Fransa ilə əlaqələr barədə danışır.
Azərbaycanın Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov, “Ekspo 2025 Bakı” Əməliyyat katibliyinin icraçı direktoru Pol Foster və katibliyin üzvü Ülkər Müller jurnalda universal sərgilərdə ölkəmizin uğurlu iştirakı haqqında ətraflı məlumat verirlər.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi səfir Anar Kərimov və UNESCO-nun mədəniyyətlərarası dialoq şöbəsinin müdiri Ann-Belinda Preis bu təşkilatla ölkəmiz arasındakı əlaqələrdən, “Bakı Prosesi”ndən bəhs edirlər.