İyulun 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin mütəxəssisləri ADA Universiteti kitabxanasının iş təcrübəsi ilə tanış olublar.
Kitabxananın direktoru, texnika üzrə fəlsəfə doktoru Elçin Məmmədov həmkarlarına öz fəaliyyətləri barədə ətraflı məlumat verib.
Bildirilib ki, ADA Universitetinin kitabxanası müasir texnologiyalar infrastrukturuna malikdir. Kitabxana ABŞ-ın Konqres Kitabxanası və Amerika Kitabxana Assosiasiyasının standartları bazasında fəaliyyət göstərir. Burada bütün informasiya proseslərinin avtomatlaşdırılması və inteqrasiyasını dəstəkləyən “Millennium” Kitabxana Menecment Sistemi tətbiq edilir.
Hazırda kitabxananın əsas fondunu ingilis, Azərbaycan, rus və s. dillərdə olan 44 min nüsxədən çox resurslar təşkil edir. Oxucular 500 mindən çox elektron kitabdan, müxtəlif tammətnli elmi dövri mətbuat bazalarından istifadə edir. Kitabxanada istifadəçilərin ixtiyarında 40 kompüter var. ADA kitabxanası dərs sessiyaları zamanı həftədə 68 saat, yay tətilləri zamanı isə həftədə 45 saat açıqdır.
Görüş zamanı ADA Universiteti kitabxanası və Yasamal rayon MKS arasında kitab mübadiləsi və əməkdaşlıq haqqında ilkin razılıq əldə edilib. MKS-nin kitabxanaçıları ADA Universiteti kitabxanasının toplu kataloqundan istifadə edə biləcəklər.