İyulun 13-də Misir Ərəb Respublikanın Azərbaycandakı səfirliyi bu ölkənin milli bayramı – İyul inqilabının (23 iyul 1952-ci il) 66-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdi. Tədbirdə rəsmilər, deputatlar, diplomatik korpusun nümayəndələri, media təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak edirdi.
Əvvəlcə Azərbaycanın və Misirin dövlət himnləri səsləndirildi.
Misirin Azərbaycandakı səfiri Adel İbrahim Ahmed İbrahim inqilabdan ötən dövr ərzində ölkəsinin keçdiyi inkişaf yolundan danışdı. Misir ilə Azərbaycan arasındakı əlaqələrdən söhbət açan səfir bildirdi ki, ölkələrimiz arasında tarixən səmimi əlaqələr mövcud olub. Misir Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Hər iki ölkə iqtisadi inkişafa və sosial tərəqqiyə nail olmaq istiqamətində bir-birinin səylərini dəstəkləyir.
Səfir Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətləri xüsusi qeyd etdi. Diplomat Azərbaycanda müxtəlif dinlərin və təriqətlərin sülh şəraitində birgə yaşamasının təqdirəlayiq olduğunu vurğuladı.
Milli Məclisin sədr müavini Bahar Muradova çıxış edərək Misir xalqını bayram münasibətilə təbrik etdi. O, Azərbaycan-Misir münasibətlərinin qarşılıqlı hörmətə əsaslandığını diqqətə çatdırdı. Qeyd olundu ki, iki ölkə arasında iqtisadiyyat, energetika, mədəniyyət, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün potensial imkanlar mövcuddur. Azərbaycanın Misirlə iqtisadi və ticarət əlaqələrinin daha da gücləndirilməsi xüsusi önəm kəsb edir.
Daha sonra Misirin tarixi məkanlarını və musiqi mədəniyyətini əks etdirən video-çarx nümayiş olundu.
LALƏ