Füzuli Dövlət Dram Teatrı 29-cu mövsümə Xalq yazıçısı Elçinin “Qatil” əsərinin tamaşası ilə yekun vurub. Tamaşa N saylı hərbi hissənin şəxsi heyətinə təqdim edilib.

Səhnə əsərinin quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Rollarda İntizar Quliyeva, Qaçaq Qarayev, Sehran Xanlarov və Aygün Cəfərova çıxış edib.

Tamaşanın ardınca mütəmadi olaraq hərbi hissələrdə çıxışlarına görə teatrın kollektivi fəxri fərmanlarla təltif olunub.

Daha sonra 29-cu teatr mövsümünün bağlanışı ilə əlaqədar yekun iclas keçirilib. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev kollektivi bu münasibətlə təbrik edib və gələcək işlərdə uğurlar arzulayıb. Qeyd olunub ki, teatrda bu il repertuar planına uyğun olaraq Elçinin “Qatil”, N.Kazımovun “Ələddinin sehrli çırağı”, Ə.Orucoğlunun “Nənənin kələyi” əsərləri səhnələşdirilib. Bununla yanaşı, Xocalı soyqırımına həsr olunmuş “Şəhid şəhər Xocalı”, 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar “Şəhidlər ölməz” adlı poetik xalq tamaşaları, habelə Yeni il və Novruz bayramı ilə əlaqədar şou-proqramlar rayon ictimaiyyətinə təqdim olunub.

Həmçinin teatr hərbçilərimizin qonağı olub,  tamaşalar və konsert proqramları ilə çıxış edib. Kollektiv Füzuli rayonunun Horadiz qəsəbəsinə şəhər statusunun verilməsinin 10 illiyi ilə əlaqədar bayram tədbirində fəal iştirakına və mütəmadi olaraq hərbi hissələrdə nümunəvi çıxışlarına görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi diplomuna layiq görülüb. Ölkə Prezidentinin müvafiq sərəncamları ilə teatrın baş rejissoru Asif Şirinovun “Əməkdar artist” fəxri adına və teatrın qocaman aktyoru Vaqif Rəhimovun yenidən Prezident təqaüdünə layiq görülməsi xüsusilə qürurvericidir.

Sonda yaradıcı kollektivin bir qrup üzvünə mövsüm ərzində fərqləndiyinə görə fəxri fərmanlar təqdim edilib.

Qeyd edək ki, teatr növbəti mövsümü 25 sentyabrda Əhməd Orucoğlunun “Nənənin kələyi” tamaşası ilə açacaq.