Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90-cı mövsümü repertuar tamaşalarının nümayişi ilə yanaşı, yaradıcılıq planına uyğun olaraq hazırlanmış yeni səhnə əsərləri, yerli və xarici beynəlxalq teatr festivallarından uğurlu nəticələr ilə yaddaqalan olub. Kollektiv mövsüm müddətində 10-dan çox beynəlxalq festivalda Azərbaycanı təmsil edib, bir beynəlxalq layihəyə imza atıb. Həmçinin ümumilikdə 12 yeni tamaşa hazırlayaraq teatrsevərlərin ixtiyarına verib. Bu il ölkə başçısının sərəncamı ilə təltif olunan mədəniyyət işçiləri sırasında Gənc Tamaşaçılar Teatrının aktyorları da yer alıb.
Sənət ocağının mətbuat xidmətindən bildirilib ki, teatr özünün 90-cı mövsümünə uşaqlar üçün “Çipollino” və dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlanmış eyniadlı tamaşa ilə yekun vurub.
“Leyli və Məcnun” tamaşasının quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əməkdar artist Nicat Kazımovdur. Quruluşçu rəssamı Elnur Axundov, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Rolları Xalq artisti Naibə Allahverdiyeva, əməkdar artistlər Leyli Vəliyeva, Nəsibə Eldarova, Nicat Kazımov, Nofəl Vəliyev, Elşən Rüstəmov, aktyorlar Rəzzaq Məmmədov, Rövşən Abbasov, Elnur Kərimov, Rəşad Səfərov, Mehriban Hüseynova, Günel Məmmədova və başqaları ifa ediblər.