Əldə edilən materiallar əsasında eramızdan əvvəl I minillikdə ərazidə və regionda məskunlaşma və mədəni münasibətlər barədə yeni fikir irəli sürmək olar
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi arxivinin müdiri, arxeoloq, tarix üzrə fəlsəfə doktoru İdris Əliyevin rəhbərliyi ilə Quba rayonunun Xınalıq kəndinin cənub-şərqində eramızdan əvvəl I minilliyin ortalarına və ikinci yarısına aid edilən qədim nekropol aşkarlanıb.
Xınalıq arxeoloji ekspedisiyasının rəhbəri İdris Əliyev bildirib ki, dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşən Xınalıq kəndi, həmçinin “Xınalıq” tarixi-memarlıq və etnoqrafik qoruğu ərazisində yerüstü, o cümlədən memarlıq abidələri qeydə alınmışdı. Amma ərazi arxeoloji cəhətdən faktiki tədqiq olunmayıb. Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimovanın bilavasitə təşəbbüsü ilə 2017-ci ildə Xınalıq ərazisində ilkin arxeoloji kəşfiyyat işləri aparıldı, yerüstü materiallar toplandı, kəşfiyyat xarakterli şurflar qoyuldu və tədqiqatlar üçün münasib sahələr qeyd edildi.
Ekspedisiya tərəfindən bu ilin tədqiqat mövsümündə Xınalıq kəndinin cənub-şərqindəki ərazidə eramızdan əvvəl I minilliyin ortalarına və ikinci yarısına aid edilən nekropol aşkarlanıb. İlkin aşkar edilmiş və tədqiq olunmuş 12 qəbir əsasən şərq-qərb istiqamətlidir, divarları daş plitə parçaları ilə üzlənib. Aşkarlanmış skeletlərin kəllələri şimal-qərbə istiqamətlənib. Skeletlər və onlardan nümunələr antropoloji analizlər üçün götürülüb.
Tədqiq edilmiş qəbirlərdə zəngin dəfn inventarı aşkarlanıb. Dəfn inventarı içərisində tunc və dəmirdən hazırlanmış silahlar, tuncdan bəzək əşyaları, çoxsaylı əqiq, pasta mənşəli muncuqlar və digər maddi mədəniyyət nümunələri tapılıb.
“Nekropolda tədqiq edilmiş 12 qədim qəbirin tarixini təqribən eramızdan əvvəl I minilliyin ortalarına və ikinci yarısına, ehtimalımıza görə eramızdan əvvəl V-III əsrlərə aid etmək olar. Həmçinin nekropolun mövcudluğu yaxınlıqda qədim məskənlərin də olmasına işarə edir”, - deyə İdris Əliyev bildirib.
Alim qeyd edib ki, Xınalıq nekropolunun aşkarlanmasını Azərbaycan arxeoloji xəritəsində daha bir “boşluğun” aradan qaldırılması kimi dəyərləndirmək olar. İndiyə qədər özünəməxsus coğrafi mövqeyinə və relyefinə görə bu zonanın qədim dövrdə izolə edilmiş ərazi olması barədə fikirlər mövcud idi. Tədqiqatların böyük elmi əhəmiyyəti ondan ibarətdir ki, əldə edilmiş materiallara görə Son Tunc-İlk Dəmir dövrünün sonu ilə Antik dövr ərəfəsi arasındakı zaman kəsiyində ərazidə və bütövlükdə regionda ciddi məskunlaşmanı, qarşılıqlı mədəni münasibətləri ehtiva edən intensiv proseslərin getdiyi barədə tam yeni bir fikir irəli sürmək mümkündür.