Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun növbəti elmi şurasında AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə müxbiri Qulu Kəngərlinin Daşkənddə Azərbaycanın şair və yazıçılarının özbək dilinə tərcümə və çap etdirdiyi kitabların təqdimatı olub.
Əvvəlcə tədbir iştirakçıları özbək dilinə tərcümə edilərək çap olunan kitablardan ibarət sərgiyə baxıblar.
Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Q.Kəngərlinin Özbəkistanda yaşadığı illərdə Azərbaycanın, o cümlədən ədəbiyyatımızın təbliği istiqamətində böyük işlər gördüyünü deyib. Vurğulanıb ki, ədəbiyyat örnəklərimizin tərcümə edilərək Özbəkistanda yayılması olduqca əhəmiyyətlidir. Q.Kəngərlinin zəhməti hesabına özbək dilində Azərbaycan ədiblərinin əsərlərindən ibarət 20 kitab işıq üzü görüb. O, həmçinin alim və tərcüməçi Babaxan Şəriflə birgə “XX əsr Azərbaycan poeziyası antologiyası” və ”Müasir Azərbaycan poeziyası antologiyası”nı çapa hazırlayıb.
Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, filologiya elmləri doktoru Ramiz Əskər, professor Məmməd Əliyev, AMEA Folklor İnstitutunun əməkdaşı Əli Şamil çıxış edərək Q.Kəngərlinin Azərbaycan ədəbiyyatının təbliği istiqamətində fəaliyyətini yüksək dəyərləndiriblər.
Göstərilən diqqətə görə Ədəbiyyat İnstitutuna minnətdarlığını bildirən Q.Kəngərli vurğulayıb ki, yaxın vaxtlarda Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və digər ədiblərimizin kitabları da özbək dilində çap olunacaq. O, bu işlərin həyata keçirilməsində Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin mühüm rol oynadığını söyləyib.