“AYTAM” Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin təşəbbüsü ilə Atatürk Mərkəzində “Ordum varsa, yurdum var!” adlı tədbir keçirilib. Tədbir Milli Ordunun və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.
Birliyin sədri Aygün Zamanlı Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qısa zaman kəsiyində gördüyü işlərdən danışıb.
Bildirilib ki, xalqımızın milli oyanışını və dirçəlişini təcəssüm etdirən, milli dövlətçilik ənənələrini zənginləşdirən Cümhuriyyət cəmi 23 ay yaşasa da, tarixdə silinməz iz qoyub, bu qısa müddətdə demokratik dövlət və ordu quruculuğu, iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə mühüm islahatlar həyata keçirilib.
Böyük Vətən müharibəsi veteranı Əli Cümşüdov, Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova, şairlər Fəxrəddin Meydanlı və başqa çıxış edənlər Xalq Cümhuriyyətinin xalqımızın qədim dövlətçilik tarixinin şanlı səhifələrindən olduğunu diqqətə çatdırıb, bu gün müstəqil respublikamızın əldə etdiyi uğurlardan danışıblar.
“AYTAM”ın üzvlərinin ifasında əsgər marşları, hərbi-vətənpərvərlik mahnıları səsləndirilib, “Ordum varsa, yurdum var!” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.