“Qızıl Pəri” peşə müsabiqəsi mükafatı üçün əsərlərin qəbulu elan olunub.

Azərbaycan Professional Kinorejissorlar Gildiyası, Professional Aktyorlar Gildiyası, Azərbaycan Prodüserlər Gildiyası, “Azərbaycanfilm” kinostudiyası, Xəzər Universiteti və “CineAlliance” kino şirkətinin təşkilatçılığı ilə Azərbaycan Kino Akademiyasının keçirdiyi müsabiqə kinematoqrafiya və televiziya sahələrini əhatə edir.

“Qızıl Pəri” peşə müsabiqəsində “Qızıl Pəri” mükafatı üçün 20-dən çox nominasiya (Ən yaxşı bədii film, ən yaxşı TV serial, ən yaxşı sənədli film, ən yaxşı telefilm, ən yaxşı müəllif verilişi, ən yaxşı cizgi filmi, ən yaxşı aktrisa, ən yaxşı aktyor, ən yaxşı operator işi, ən yaxşı rəssam işi, ən yaxşı musiqi və s.) üzrə seçim ediləcək.

Bundan əlavə, müxtəlif nominasiyalar üzrə “Qızıl Pəri” mükafatının “Xüsusi diplomu” və kino tənqidçilərinin xüsusi diplomları təqdim olunacaq.

Müsabiqə üçün əsərlər bu il oktyabrın 1-dək təqdim edilə bilər.

Qeyd edək ki, “Qızıl Pəri” mükafatı 2015-ci ildə Azərbaycan Professional Kinorejissorlar Gildiyası, Kinoaktyorlar Gildiyası və Prodüserlər Gildiyasının dəstəyi ilə təsis edilib. Məqsəd audiovizual sahənin (kino və TV) inkişafına kömək, milli-mənəvi dəyərlərin qorunub saxlanması və bu sahədə çalışan peşəkarları - müəllifləri, ifaçıları və prodüserləri həvəsləndirməkdir.