İyulun 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) əməkdaşları tərəfindən rəsm çəkmək bacarığı olan azyaşlı oxucular üçün Azərbaycan Xalça Muzeyinə ekskursiya təşkil olunub.

Ekskursiya Mirzə Şəfi Vazeh adına rayon Mərkəzi kitabxanasının təşəbbüsü ilə reallaşıb. Ekskursiya kitabxana tərəfindən uşaq və gənc oxucular arasında “Mirzə Şəfi Vazeh dövrünün Gəncə xalçaları” adlı rəsm müsabiqəsinə hazırlıq işləri aparmaq, uşaqları müxtəlif xalça nümunələri ilə tanış etmək məqsədilə təşkil olunub.

Ekskursiya zamanı məlumat verilib ki, Azərbaycan xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Qeyd edilib ki, Azərbaycanda xalçaçılığın təşəkkülünü şərtləndirən təbii-iqlim şəraiti, təsərrüfat və məişət amilləri Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ, Təbriz kimi xalça sənəti məktəblərinin yaranmasına səbəb olub.

Bundan əlavə, muzeydə böyük şair, maarifpərvər Mirzə Şəfi Vazehin vətəni olan Gəncə xalça məktəbi haqqında uşaqlara maraqlı və geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, bu məktəbə aid edilən “Gəncə”, “Köhnə Gəncə”, “Gədəbəy”, “Çıraqlı”, “Samux”, “Çaylı”, “Şadılı”, “Faxralı” kompozisiyalı xalçalar digər xalçalardan ənənəvi motivlərin özünəməxsus işlənməsi ilə seçilir.

Uşaqlar böyük maraqla muzeydə təşkil olunmuş ekspozisiyalarla tanış olublar.