Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi iyulun 19-da bir qrup jurnalist üçün “Qobu Park” yaşayış kompleksinə infotur təşkil edib.
Komitənin sədri Rövşən Rzayev KİV işçilərini qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edib, Prezident İlham Əliyevin tapşırığı ilə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Qeyd edilib ki, Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkünlərin qəzalı və həyat üçün təhlükəli bina və tikililərdən yeni mənzillərə köçürülməsinə imkan yaradan layihələrin icrasını daim nəzarətdə saxlayır. Bu yaxınlarda istifadəyə verilmiş “Qobu Park” yaşayış kompleksi belə layihələrdən biridir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınan kompleksdə dövlət vəsaitindən istifadə olunmayıb. Layihənin maliyyələşməsində sahibkarlar iştirak ediblər.
Jurnalistlər kompleksin ərazisini gəzib, mənzillərə, infrastruktur obyektlərinə baxıb, məcburi köçkünlərlə söhbət ediblər.