Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva iyulun 20-də Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Bakıt Yusupov ilə görüşüb.
Görüş zamanı G.Əfəndiyeva fondun üzv dövlətlərindən olan Qırğızıstanla əməkdaşlıq çərçivəsində həyata keçirilən və il ərzində görüləcək ortaq tədbirlərdən danışıb, onların türk dünyası irsinin dünyada tanıdılması üçün əhəmiyyətli olduğunu vurğulayıb.
B.Yusupov öz növbəsində müasir dünyada türkdilli dövlətlərin zəngin mədəniyyəti və irsinin layiqincə təmsil edilməsinə böyük zərurət olduğunu və fondun bu istiqamətdə mühüm töhfələr verdiyini qeyd edib.
Söhbət zamanı bu ilin sentyabrında Qırğızıstanda keçirilməsi planlaşdırılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə toplantısının gündəmi üzrə fikir mübadiləsi aparılıb. Bu ərəfədə Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçiriləcək III Dünya Köçəri Oyunlarının türk köçəri xalqlarının mənəvi özünüdərkinin və tarixi yaddaşının dirçəldilməsi baxımından mühüm hadisə olacağı vurğulanıb.
Görüşdə həmçinin türk dünyasının böyük mütəfəkkir yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyinin keçirilməsinə dair hazırlıq işləri müzakirə edilib.