AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və muzeyin qarşıdan gələn 80 illiyinə həsr olunan iki plakat hazırlayıb.

Plakatlarda muzeyin XX əsrin əvvəlləri və müasir dövrə aid görünüşü, bu məkanda keçirilən toplantılar, həmçinin Azərbaycanın görkəmli şəxsiyyətləri, şair və yazıçılarının şəkillərindən ibarət kollaj əks olunub.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binası XIX əsrin ortalarında birmərtəbəli karvansara kimi inşa edilib. 1860-cı ildə memar Qasım bəy Hacıbababəyovun layihəsi əsasında binaya ikinci qat əlavə olunub. 1915-ci ildə mühəndis Aleksandr Nikitinin yeni bir layihəsi əsasında isə tikiliyə bir mərtəbə də əlavə olunaraq, bina üçmərtəbəli “Metropol” mehmanxanasına çevrilib.

1918-ci ilin sentyabr ayında Bakı azad edildikdən və milli hökumət Gəncədən Bakıya köçdükdən sonra Cümhuriyyətin Nazirlər Şurası Ədəbiyyat Muzeyinin binasında – “Metropol” hotelində yerləşib. Hökumət üzvləri burada həm yaşayıb, həm də fəaliyyət göstəriblər. Nazirlər Kabinetinin iclasları muzeyin hazırda “İstiqlal” zalı adlanan tarixi məkanında keçirilib, ölkə həyatını nizamlayan ən vacib qərarlar məhz bu tarixi məkanda qəbul olunub.