Dövlət Xidmətinin rəisi Gəncədə görülən işlərlə tanış olub
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov iyulun 19-da Gəncə şəhərindəki bir sıra tarixi abidələrə baş çəkib.
Dövlət Xidmətinin məsul əməkdaşları ilə birgə ilk olaraq Gəncə Qala Qapıları Kompleksi ilə tanışlıq olub. Məlumat verilib ki, Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir.
Burada Gəncə əhalisinin tarixi məişəti, mədəniyyəti haqqında məlumat verən etnoqrafik muzey yaradılıb. Həmçinin kompleks Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun inzibati binası kimi istifadə olunur.
Sonra Dövlət Xidmətinin heyəti Nizami Gəncəvi məqbərəsi və Nizami Gəncəvi muzeyi ilə tanış olub. Bildirilib ki, Nizami Gəncəvinin türbə kompleksi 2012-ci ildə yenidən qurulub, burada əsaslı təmir-bərpa işləri aparılıb.
Daha sonra Şah Abbas karvansarasında aparılan təmir-bərpa işləri ilə tanışlıq olub.
Tarixi abidənin bərpası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun layihəsi əsasında aparılır.
Ötən müddətdə tarixi abidənin möhkəmləndirilməsi yekunlaşıb, qəzalı vəziyyətdə olan hissələri təmir olunub, kommunikasiya xətləri çəkilib. Karvansaranın damörtüyü dəyişdirilib, fasadın uçmaq təhlükəsində olan sağ divarı bərpa edilib, həmçinin binanın bütün hücrə və otaqları əvvəlki görkəminə qaytarılıb.
Şah Abbas karvansarası istifadəyə verildikdən sonra turizm məqsədləri üçün istifadə olunacaq. Karvansarada aparılan bərpa işlərinin bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.
Zakir Sultanov tarixi abidələrdə fəaliyyətin daha da gücləndirilməsi, həyata keçirilən təmir-bərpa işlərinin vaxtında və keyfiyyətli aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.