“Bölgələrdən bölgələrə” festivalı Göygöl və Naftalan şəhərlərindən də keçdi
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı ötən həftəsonu Göygöl rayonunda (Şəmkir Regional Mədəniyyət İdarəsi) və Naftalan şəhərində (Gəncə Regional Mədəniyyət İdarəsi) davam edib.
“100 illik tariximiz” devizi altında təşkil olunan festival ardıcıl olaraq nazirliyin regional idarələrinin hər birinin şəhər və rayonlarında gerçəkləşir. Festivalın hər tədbirində nazirliyin 15 regional idarəsinin hamısı ayrıca guşə-çadırla təmsil olunur.
Artıq layihənin böyük hissəsi arxada qalıb. İyunun 25-də Masallı şəhərində (Masallı Regional Mədəniyyət İdarəsi) başlanan festival daha sonra Lənkəranda (26 iyun), Salyanda (30 iyun), Sabirabadda (1 iyul), Füzuli rayonunun Horadiz şəhərində (7 iyul), Ağdamın Quzanlı qəsəbəsində (8 iyul), Göyçay şəhərində (14 iyul) və Mingəçevirdə (15 iyul) davam etmişdi. Növbəti iki tədbir də rəngarəng təqdimatı ilə yadda qalıb.
* * *
İyulun 21-də Göygöl şəhərindəki Heydər Əliyev adına park kompleksində keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin, rayon İcra Hakimiyyətinin təmsilçiləri, kənd və qəsəbələrin sakinləri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, respublikamızın bölgələrindən gəlmiş qonaqlar iştirak ediblər.
Əvvəlcə festival iştirakçıları Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsi tərəfindən qurulmuş çadırlarda həmin bölgələrin qədim el sənəti nümunələri, eləcə də ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanmış dekorativ-tətbiqi sənətin müxtəlif sahələrinə aid incəsənət nümunələri və suvenirlərlə tanış olublar.
Lahıc (İsmayıllı) ustalarının metalişləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırladıqları məişət qabları, Sumqayıt sənətkarlarının bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, Xaçmaz bölgəsindən olan ustaların çay daşları üzərində həkk etdikləri görkəmli şəxsiyyətlərin portretləri, Şəki ustalarının hazırladıqları mürəkkəb həndəsi ölçməli şəbəkəbəndlər, incə naxışlı zərif kəlağayılar, həmin bölgəyə aid şirniyyatlar, ucarlı sənətkarın sadə qara qələmlə rəssamlığın qrafika janrında çəkdiyi bir-birindən gözəl rəsmlər, Masallı regional idarəsi tərəfindən təqdim olunan hörmə, toxuma, əl işləri, ağacoyma və dulus nümunələri maraqla qarşılanıb.
Bundan başqa, Şəmkir regional idarəsi tərəfindən nümayiş etdirilən müxtəlif dövrlərə və ayrı-ayrı bölgələrə aid saz nümunələri – qopuz, tənbur, çoğur, rübab, cürə saz, həmçinin digər regional idarələrin çadır-guşələrində sərgilənən rəsmlər – yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar və bir çox qiymətli əl işləri festival iştirakçılarında zəngin təəssürat yaradıb.
Sonra Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsinin bədii özfəaliyyət kollektivləri, folklor və rəqs qrupları konsert proqramı ilə çıxış ediblər.
Çıxışlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Yerli sakinlər bölgələrdə bu cür yaradıcılıq festivallarının keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək tədbirin təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər.
* * *
“Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı iyulun 22-də Naftalan şəhəri olub.
Şəhərdəki Heydər Əliyev adına parkda keçirilən tədbir də iştirakçıların Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələri tərəfindən qurulmuş çadırlarla tanışlığı ilə başlayıb. Çadırlarda ayrı-ayrı bölgələrin qədim el sənəti nümunələri, yerli sənətkarların əl işləri, rəsmlər, suvenirlər və s. sərgilənib.
Tədbirdə bildirilib ki, layihənin əsas məqsədi çoxminillik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə də respublikamızda regionlararası mübadiləni gücləndirməkdir. Festivalın əhəmiyyətindən danışan qonaqlar layihənin ilk dəfə ölkəmizin bütün bölgələrini əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmaq imkanı yaratdığını vurğulayıblar. O da vurğulanıb ki, festivalın yay mövsümündə keçirilməsi ölkəmizə gələn xarici qonaqlara da bölgələrin rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmağa imkan yaradır.
Müxtəlif regionların təmsilçilərinin bir-birinin guşə-çadırları ilə tanışlığı, xoş ünsiyyət festival iştirakçılarında zəngin təəssürat yaradıb.
Ucarlı gənc rəssam Heydər Vahidov festival haqqında fikirlərini bölüşərkən deyib: “Bugünkü festivalın bir üstün cəhəti də odur ki, pavilyonlarımızda həm sənətkarların əl işləri nümayiş etdirilir, həm də satışı təşkil olunur. O cümlədən mənim əl işlərimlə də maraqlanırlar, qiymətini soruşurlar. Amma mən bu əsərlərə çox zəhmət çəkdiyim üçün onların satışı haqqında hələlik düşünmürəm. Bununla belə festivalda iştirak etdiyim üçün özümü çox xoşbəxt sayıram. İştirakçıların bu cür münasibəti məni çox sevindirir. Elə ona görə də gənc sənətkarlara tanınmaq üçün böyük imkanlar yaradan bu festivalın təşkilatçılarına minnətdarlığımı bildirirəm”.
Festivalda Mədəniyyət Nazirliyinin regional idarələrinin bədii özfəaliyyət kollektivləri, folklor və rəqs qruplarının konsert proqramı tədbirə xüsusi rəng qatıb.
Konsertdə bəstəkar və xalq mahnıları ifa olunub, ayrı-ayrı bölgələrin özfəaliyyət kollektivləri milli, etnik rəqs nümunələri ilə çıxış ediblər.
Festival iştirakçılarının çıxışları tamaşaçılar tərəfindən, xüsusən də Naftalandakı kurort-sanatoriya mərkəzlərinə müalicə və istirahətə gələn xarici turistlər tərəfindən alqışlarla qarşılanıb.