İyulun 20-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (İnternational Society for Music Education – İSME) 33-cü Dünya konfransının bağlanış mərasimi olub.
Tədbirdə Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin rəhbəri Li Higgins və konfransın sədri, Türkiyədəki Abant İzzet Baysal Universitetinin professoru Uğur Alpaqut çıxış edərək beş gün (16-20 iyul) davam edən konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına və Azərbaycan Milli Konservatoriyasına təşəkkürlərini bildiriblər.
Qeyd edilib ki, İSME-nin konfransı iki ildən bir keçirilir. Bakı konfransında musiqi təhsili üzrə 52 ölkədən 700-dək mütəxəssis iştirak edib. Konfrans çərçivəsində müxtəlif tədbirlər – ustad dərsləri, mühazirələr, təqdimatlar və görüşlər keçirilib. Müxtəlif ölkələrdən olan artistlərin iştirakı ilə konsertlər təşkil edilib.
İSME-nin yeni seçilmiş rəhbəri, finlandiyalı Susan Oneill Azərbaycanda olmağından və ölkəsinin 2020-ci ildə növbəti konfransa ev sahibliyi edəcəyindən məmnunluğunu ifadə edib.
Tədbir Finlandiyadan olan qonaqların ifasında musiqi nömrələrinin səslənməsi ilə yekunlaşıb.