Yeni filmlər təhvil veriləcək
   
   C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yaxın aylarda iki ekran əsərinin təhvil verilməsi nəzərdə tutulur. Kinorejissor, Xalq artisti Eldar Quliyevin “Dərvişin ölümü” filmi tarixi detektiv janrındadır. Bu ekran əsərinin çəkilişləri Salyanın “Ceyran düzü” ərazisində, Şəki, Pirəkəşkül və Bakıda aparılıb.
   Təhvil veriləcək digər ekran əsəri “Qisas almadan ölmə” tammetrajlı bədii filmidir. Kinostudiyanın direktoru Müşfiq Hətəmov bildirib ki, ssenari müəllifi və rejissoru Xalq artisti Oqtay Mir Qasım olan filmin süjeti 1819-cu ildən Azərbaycanda məskunlaşmış almanların 1941-ci ildə Stalinin əmri ilə deportasiya olunması, bu zaman yaşadıqları faciənin əks-sədası üzərində qurulub. Çəkilişlər Azərbaycan, Gürcüstan və Almaniyada aparılıb.
   Filmin operatoru Nikolay İvasiv, rəssamı Vaja Calaqaniya, bəstəkarı Elmar Feldir.
   Ekran əsərində əsas rollarda Xalq artisti Ramiz Əzizbəyli, əməkdar artistlər Ayan Mirqasımova, Füzuli Hüseynov və başqaları çəkiliblər. Filmdə alman və gürcü aktyorları da rol alıb.