İyulun 26-da Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”nda nəzərdə tutulmuş məsələlərə dair aidiyyəti qurumların iştirakı ilə iclas keçirilib.
İclasın gündəliyinə iki məsələ daxil edilib: Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin icrasına dair hazırlanmış monitorinq və qiymətləndirmə hesabatlarının müzakirəsi; 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq işlərinin gedişinin müzakirəsi.
Birinci məsələyə dair məruzə ilə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası barədə məlumat verib. Bildirib ki, bu tədbirlər iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyinin və sosial rifahın artırılmasına töhfə verəcək.
İkinci məsələyə dair Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun məruzəsi dinlənilib. Komitə sədri bildirib ki, ölkə başçısının müvafiq fərmanının icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən hazırlıq işlərinə başlanılıb. Siyahıyaalma ilə bağlı təşkilati işləri, siyahıyaalma materiallarının hazırlanmasını, siyahıyaalmanın keçirilməsini, nəticələrinin yayılmasını və beynəlxalq əməkdaşlıq istiqamətləri ilə bağlı görüləcək işləri özündə əks etdirən təqvim planı tərtib olunub.
Müzakirələrin yekununda məruzəçilərin çıxışları nəzərə alınmaqla iclasın qərarı qəbul edilib.