Eramızdan əvvəl VI minilliyə aid tikililərin qalıqları aşkarlanıb

Ağdam rayonunun Eyvazlı kəndi yaxınlığındakı Neolit dövrünə aid İsmayılbəy təpə yaşayış məskənində aparılan arxeoloji qazıntı zamanı yeni tarixi materiallar aşkarlanıb.

Ekspedisiyanın rəisi, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov bildirib ki, qazıntı zamanı eramızdan əvvəl VI minilliyin birinci yarısına aid oval, dairəvi və düzbucaqlı quruluşda çiy kərpicdən 8 tikinti qalığı aşkar edilib. Giriş qapısı olmayan bu evlərin döşəməsi, divarların daxili səthi qırmızı rəng qatılmış palçıqla suvanıb. Evlərin həyətlərinin döşəmə hissəsi çiy kərpiclə döşənib. Hər bir həyətdə müxtəlif ölçüdə böyük təsərrüfat küpləri var. Evlərin ətrafı düzbucaqlı hasarla əhatə olunub. Oval formada olan tikili qalığının birində mehrab və baş hissəsi qırılmış kiçik büt aşkar edilib. Ehtimal etmək olar ki, bu tikili qədim məbədin qalıqlarıdır. Yaşayış məskənində aşkar edilən Erkən Dəmir dövrünə aid qadın qəbri də maraq doğurur. Bükülmüş vəziyyətdə dəfn olunan skeletin yanında iki ədəd saxsı qab da basdırılıb.

Qarabağ düzündə yerləşən, Qafqazın ən qədim erkən əkinçi maldar tayfalarına məxsus yaşayış yerlərindən olan İsmayılbəy təpə yaşayış yeri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit ekspedisiyası tərəfindən 2012-ci ildən tədqiq olunur. 2012-2017-ci illərdə təpənin şərq hissəsində 400 kvadratmetr ərazidə arxeoloji qazıntı işləri aparılıb. 16 tikili qalığı, 3 mindən çox maddi mədəniyyət nümunəsi aşkar edilərək öyrənilib. Bu tapıntılar Qarabağın dünyanın sivilizasiya mərkəzlərindən olduğunu bir daha təsdiqləyir.