Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən Çinin Xuçjou şəhərində Çin dili kurslarında oxuyan azərbaycanlı dinləyicilər üçün yay məktəbi təşkil edilib.

ADU-nun rəsmi tərəfdaşı olan Xuçjou Universitetinin müəllimləri tərəfindən keçirilən təlimlərdə azərbaycanlı gənclər Çin dilinə dair biliklərini təkmilləşdirirlər, həmçinin Çinin tarixi və mədəniyyətini öyrənir, kalliqrafiya incəsənətinə, bu ölkənin kulinariyasına həsr olunmuş dərslərdə iştirak edirlər.

Yay məktəbinin dinləyiciləri Böyük İpək Yolu üzərində yerləşən, tolerant ölkə kimi tanınan Azərbaycanın müasir həyatı haqqında həqiqətləri Çin gənclərinə çatdırmaq məqsədilə tədbir də təşkil ediblər. Azərbaycan tərəfindən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasovun “Azərbaycan-Çin: diplomatik münasibətlərin qurulmasının 25 illiyi” (Çin dilində) kitabının təqdimatı keçirilib.