“Jara-2018” festivalı ilə bərabər paytaxtımızda rusiyalı aktyorların iştirakı ilə komediya filmi çəkilir

İyulun 26-da Bakıda, Xəzər sahilindəki “Sea Breeze Resort” istirahət mərkəzində “Jara-2018” Beynəlxalq Musiqi Festivalı başlayıb. 2016-cı ildə əsası qoyulan və üçüncü dəfə təşkil edilən festivala Rusiyanın və ümumilikdə MDB məkanının 80-dək tanınmış estrada ifaçısı qatılıb. “Jara-2018” dörd gün davam edəcək.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Bakıda “Jara-2018” festivalı ilə bərabər rusiyalı aktyorların iştirakı ilə komediya filminin çəkilişi də gedir. Yay, dəniz, bol musiqi, məhəbbət, üstəgəl Bakıda yaşanan macəralar. Bütün bunlar “Bir dəfə “Jara”da” adlı yeni filmin mövzusudur.

Baş qəhrəmanlar moskvalı xanım Darya və bakılı Muraddır. Filmin qəhrəmanları sırasında Rusiyanın tanınmış estrada ulduzları, “Jara-2018” musiqi festivalının ən parlaq simaları da yer alacaq.

Filmin prodüseri Rusiyada yaşayan həmvətənimiz, bu ölkədə bir çox kino və televiziya layihələrinin rəhbəri Teymur Cəfərov mətbuata açıqlamasında bildirib ki, Bakıda tammetrajlı film çəkmək, doğma şəhərimin bütün  gözəlliyini nümayiş etdirmək çoxdankı arzum idi: “Ötən il Bakıda keçirilən “Jara” festivalında tamaşaçı qismində iştirak etdim. Elə həmin vaxtlarda da filmin çəkilməsi ideyası yarandı. Bu ideyada dostum Cəfər Axundzadənin də böyük rolu var. Bir sözlə, faktlar, hadisələr sonunda böyük bir ekran əsərinin yaranmasına səbəb oldu. İnanırıq ki, film maraqlı alınacaq. Komediya elementləri ilə bol olsa da, burada romantik xətt, dram da var. Filmin qəhrəmanlarının başına gələn əhvalatlar birbaşa “Jara” festivalı ilə bağlı olur. Elə bu səbəbdən də festivalın pərdəarxası məqamlarını çəkib filmə daxil edəcəyik”.

Teymur Cəfərov qeyd edib ki, filmdə rusiyalı ulduzlarla bərabər tanınmış Azərbaycan aktyorları da rol alıb: “Tamaşaçıları yumor, Şərq koloriti və gözəl Bakı mənzərələri gözləyir. Deyərdim ki, bəlkə də elə filmin baş qəhrəmanı bizim doğma şəhərimizdir. Film qış aylarında təhvil veriləcək. Hazırda çəkilişlərin qızğın vaxtıdır. İçərişəhər və Heydər Əliyev Mərkəzində nəzərdə tutulan çəkilişlər artıq bitib. Festival çəkilişləri davam etməkdədir və festival bitdikdən sonra daha iki həftəlik çəkilişlərimiz olacaq”.

Kino yaradıcılığı haqqında məlumat verən T.Cəfərov bildirib ki, ixtisasca həkim-reanimotoloq olsa da,  kino sənətinə öz istəyi ilə gəlib: “Yaradıcılıqla və öz imkanlarım daxilində həmişə çalışmışam ki, vətənimin zəngin tarixi və mədəniyyətini, adət-ənənəsini təbliğ edim. Bir prodüser kimi layihələrin əksəriyyətinin Azərbaycanda reallaşmasına təşəbbüs göstərirəm. Bu gün həmkarlarım məkan çəkilişləri ilə bağlı mənə müraciət edəndə onlara Azərbaycanı məsləhət görürəm. Xarici şirkətlərin Azərbaycanda sərfəli və maraqlı kino əsərləri çəkməsi üçün şərait yaratmaq mümkündür. Qonşu Gürcüstanda il ərzində təxminən 10-15 tammetrajlı hind blokbasteri, xeyli sayda Avropa filmləri və reklam çarxları çəkilir. Bu eyni zamanda ölkə üçün mənfəət deməkdir”.

Lalə AZƏRİ