Son vaxtlar ölkəmizə gələn əcnəbi qonaqların maraqla baş çəkdiyi ünvanlar sırasında “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mərkəzi ofisi və bölgələrdəki xalça emalatxanaları da var. Qonaqlar burada bəyəndikləri xalçaları alıb öz ölkələrinə aparırlar. Bununla həm iqtisadi cəhətdən gəlir əldə edilir, həm də milli mədəniyyətimiz, xalq sənəti təbliğ olunur.

Azərbaycan xalçalarının sorağı ilə ölkəmizə gələn xarici ölkə vətəndaşları iyulun 26-da qurumun mərkəzi ofisində müxtəlif xalça emalatxanalarında toxunan xalçalarla tanış olublar.

Öz ailəsi, Kanadada, Küveytdə və Livanda yaşayan dostları ilə respublikamıza gələn ABŞ vətəndaşı Vilyam Gennings Azərbaycan xalçalarını məşhur amazon.com saytında və ölkələrində keçirilən hərraclarda görüb.

“Azərxalça”nın filiallarında, xüsusilə İsmayıllıdakı xalça emalatxanasında istehsal olunan məhsullara heyranlıqla baxan qonaqlar orijinallığı və keyfiyyəti ilə seçilən Azərbaycan xalçalarına ölkələrində böyük maraq olduğunu bildiriblər. Vilyam Gennings deyib ki, onların Azərbaycana gəlişinin əsas səbəblərindən biri də Azərbaycan xalçalarını görmək, məhz xalçaçılığın vətənindən bir sənət əsəri almaqdır.

Amerikalı Amnah İbraheem isə burada gördüyü bir xalçanın onu təəccübləndirdiyini bildirib. O deyib ki, bu xalçanı ABŞ-da keçirilən hərracda görüb, çox bəyənib, ancaq ala bilməyib. Xalçanın oxşarını tapa bilmək arzusu ilə Azərbaycana gəlib. Burada gördüyü isə sanki həmin xalçadır.

Qonağa məlumat verilib ki, “Azərxalça” dünyanın müxtəlif muzeylərində, şəxsi kolleksiyalarda saxlanılan, eləcə də hərraclarda satışa çıxarılan xalçaların çeşniləri əsasında yeni məhsullar istehsal edir. Bu xalça 2016-cı ildə “Grogan” hərracında satılan, XIX əsrin ikinci yarısına aid xalçanın çeşnisi əsasında toxunub.

Amnah İbraheem həmin xalçanın qədimini ala bilməsə də, onun eynisi olan yeni xalça alacağından məmnunluğunu bildirib.