Mərkəzi Elmi Kitabxanada Xalq artisti Rasim Balayevin yubileyi qeyd olunub
İyulun 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli aktyor, Xalq artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Rasim Balayevin 70 illik yubileyinə həsr olunan tədbir keçirilib.
“Rasim Balayev. Milli yaddaşda qəhrəman obrazı” adlı tədbirdə aktyorun həyat və yaradıcılığından geniş söz açılıb.
MEK-in direktoru Leyla İmanova bildirib ki, sənətkarın yaradıcılığından bəhs edən nəşrlər, eləcə də aktyorun iştirak etdiyi filmlər, verilişlər kitabxananın elektron kataloquna daxil edilib. Həmçinin aktyor haqqında Azərbaycan dilində “Vikipediya”dakı məlumat redaktə edilib, ərəb, fars, türk və gürcü dillərinə çevrilib. “Rasim Balayev” adlı elektron resurs da artıq MEK-in istifadəçilərinin ixtiyarındadır.
Sonra MEK-in əməkdaşlarının hazırladıqları “Rasim Balayev. Milli yaddaşda qəhrəman obrazı” adlı videoçarx nümayiş olunub.
Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndəsi Elşad Əliyev sənətkarın zəngin yaradıcılığından, milli kinomuzun inkişafında xidmətlərindən danışıb. Bildirilib ki, Rasim Balayevin çəkildiyi filmlər Azərbaycan kinematoqrafiyasının ən parlaq səhifələrindəndir.
Digər çıxış edənlər də Rasim Balayev sənəti haqqında düşüncələrini bölüşüb, aktyoru yubileyi münasibətilə təbrik ediblər. Bildirilib ki, Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” ekran əsərində kiçik bir rolda çəkilib. O, “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərində ustalıqla oynadığı rollara görə tamaşaçıların sevgisini qazanıb.
Sonra R.Balayev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. Yubilyar gənclik və tələbəlik illərindən, sənət yollarındakı çətinliklərdən, çəkiliş zamanı rast gəldiyi maraqlı hadisələrdən danışıb.