Ağsu şəhər qəbiristanlığında XIV əsr xəlvətilik sufi məktəbinin simvolu olan Şeyx Dursun türbəsində bərpa və konservasiya işləri aparılır.
Bərpa-konservasiya işləri MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin razılığı və təşkilati dəstəyi ilə YOKOKU Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Assosiasiyasının layihəsi çərçivəsində aparılır. Avqust ayında da davam etdiriləcək işlərdə Romana Albinin rəhbərliyi ilə mədəni irsin bərpası üzrə İtaliyadan olan mütəxəssislər qrupu çalışır.
Türbə səkkizguşəli olub, xəlvətilik sufi məktəbinə məxsus digər şeyxlərin qəbirləri üzərindəki türbələrlə oxşarlıq təşkil edir. Qazıntı işləri zamanı üzə çıxan qalıqlardan Şeyx Dursunun sufi xanəgahının da həmin məkanda yerləşdiyi anlaşılır.
Bərpa-konservasiya işləri çərçivəsində 15 nəfər peşəkar və həvəskar gənc bərpaçı üçün “Mədəni irs konservasiya materialları və metodlarının qurulması” mövzusunda kurs da keçirilir. Praktik təcrübəyə əsaslanan məruzələr Romana Albini və Laura Rivaroli, eləcə də mədəni irsin analitik tədqiqi üzrə mütəxəssis Andrea Makkia, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və Həbibə Əliyeva, mədəni irsin bərpası üzrə maşınlar istehsal edən İBİKS şirkətinin nümayəndələri Alfonso Bazile və Marko İlari, Rusiyadan olan mütəxəssis Anna Mordanova tərəfindən aparılır.