Azərbaycanda ABŞ-dan gəlmiş qonaqlar üçün kulinariya və mədəniyyət ekskursiyası təşkil edilib. Ekskursiyanın təşəbbüskarı “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” kitabının müəllifi Fəridə Buyurandır. O, bu kitabına görə beynəlxalq mükafatlara layiq görülüb.

Bakıdan başlanan kulinariya ekskursiyası Quba, İsmayıllı, Qəbələ, Şəki, Qax və Balakəndə davam etdirilib. Səyahət proqramına rəngarəng mədəniyyət və kulinariya ənənələri olan Xınalıq, Qırmızı qəsəbə, Lahıc, İvanovka, Nic və İlisu kimi yaşayış məntəqələri ilə tanışlıq daxil edilib. Proqrama həmçinin yerlərdə qonaqlar üçün özəl kulinariya dərslərinin keçirilməsi, ərzaq bazarları və şərab müəssisələrinə, habelə tarixi məkanlar və muzeylərə, sənətkar emalatxanalarına ekskursiyalar, rəssamlarla görüşlər və s mədəni tədbirlər daxil edilib.

Səyahətdə tanınmış kulinariya tarixçisi, “Cənubi Kaliforniyanın kulinariya tarixçiləri” təşkilatının prezidenti Çarlz Perri və təşkilatın digər təmsilçiləri, kulinariya və mədəniyyət sahələrində professorlar və həvəskar tədqiqatçılar iştirak ediblər. Bu, onların Azərbaycana ilk səfəri olub. Qrup üzvləri xalqımızın qonaqpərvərliyi və Azərbaycan mədəniyyətinin rəngarəngliyinə heyranlıq ifadə edib, gələcəkdə ölkəmizə yenə səfər etmək istəklərini bildiriblər.

Səyahətin təşəbbüsçüsü Fəridə Buyuran həmçinin “azcookbook.com” populyar bloqunun müəllifidir. Onun “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” (Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan) kitabı 2014-2015-ci illərdə iki dəfə nəşr olunub. Azərbaycan mətbəxi barədə ingilis dilində işıq üzü görmüş ilk kitabda oxuculara Qərb ölkələrində hazırlanması üçün uyğunlaşdırılmış qəlyanaltı və salatlar, şorba, xəmir, ət, tərəvəz, yumurta xörəkləri, çörək növləri, plovlar, içkilər və çərəzlərdən ibarət 200 resept təklif edilir.