Müştərək layihələr xalqlarımızın bir-birini yaxından tanımasına töhfə verəcək
İyulun 27-də mədəniyyət nazirinin müavini Rafiq Bayramov Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla xanım Əliyevanın dəvəti ilə Bakıda səfərdə olan rusiyalı nümayəndə heyəti ilə görüşdü.
Qonaqları səmimi salamlayan nazir müavini onları Bakıda görməkdən məmnunluğunu ifadə etdi. Diqqətə çatdırdı ki, Azərbaycanın Rusiya ilə, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də genişmiqyaslı əməkdaşlığı mövcuddur. Ölkəmiz Rusiyada keçirilən müxtəlif mədəni layihələrdə yaxından iştirak edir: “Son illər Rusiya ilə mədəni əlaqələrin inkişafına töhfə verən bir sıra tədbirlər keçirilib. Ötən il Moskvada mədəniyyət sahəsi ilə əlaqədar təşkil edilən ikitərəfli görüşlər məhsuldar olub, müəyyən razılaşmalar əldə edilib. Biz bu əlaqələri davam etdirmək niyyətindəyik. Xüsusən regional mədəni təşkilat və müəssisələrlə əlaqələrin qurulmasında maraqlıyıq. Çünki bu gün dünyada daha müasir metodlar tətbiq edilir. Mədəniyyət sahəsində müasir idarəetmə və metodologiyalara keçid dövründə bu təcrübələrin mübadiləsi vacibdir”.
Daha sonra nazir müavini Azərbaycanda keçirilən beynəlxalq musiqi festivalları, habelə xalq yaradıcılığı ənənələrinin yaşadılması və təbliğinə xidmət edən layihələr haqqında qonaqlara məlumat verdi. Vurğulandı ki, mədəniyyət sahəsində müştərək layihələri dəstəkləmək və qarşılıqlı əlaqələrin inkişafı üçün birgə fəaliyyət xalqlarımızın bir-birini yaxından tanımasına öz töhfəsini verəcək. Azərbaycanda rusdilli təhsilin inkişafı iki xalq arasında daha dolğun bilgilər əldə etməyə, tədris və mədəniyyət sahəsində əməkdaşlığa şərait yaradır.
Bakı şəhərinin müasir inkişafı ilə bağlı fikirlərini bölüşən nazir müavini qeyd etdi ki, bu gün paytaxtımıza gələn hər bir qonaq onun gözəlliyinə heyran olur, inkişaf etmiş Avropa şəhərləri ilə müqayisə edir: “Mədəniyyət Nazirliyi olaraq paytaxtın müasir görünüşü ilə bərabər qədimliyini, tarixi memarlıq abidələrini qoruyaraq gələcək nəsillərə ötürməyə məsuluq. Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu işi nəzarətdə saxlayır”.
Qeyd olundu ki, Azərbaycan və Rusiya arasında irimiqyaslı mədəni layihələr mövcuddur və regionlar arasında bu əlaqələrin genişləndirilməsi zəruridir. Azərbaycanın Gəncə, Şamaxı, Lənkəran və digər regionları ilə birgə təqdimatların keçirilməsi mədəni mübadilə üçün yeni imkanlar yarada bilər.
Moskva Şəhəri Mədəniyyət Departamentinin direktor müavini Vladimir Filippov səmimi qəbula görə nazir müavininə minnətdarlığını ifadə etdi. Azərbaycana dəvətə görə xüsusi təşəkkür edən qonaq Bakıda ilk dəfə olduqlarını dedi. Bildirdi ki, uzun illər bir sistemlə idarə edilən dövlətlər kimi bu gün Rusiya və Azərbaycanın bir-biri ilə mədəniyyət, təhsil və digər sahələrdə təcrübələrini bölüşməyə geniş imkanlar var. Bu həm də müasir və yenilənən hər iki dövləti tanımaq baxımından da əhəmiyyətlidir. Muzey işi, kitabxana, konsert müəssisələri arasında müştərək layihələr və təqdimatlar, yaradıcı kollektivlərin qarşılıqlı əlaqələri, müxtəlif şəhərlərdə tədbirlərin reallaşması birgə əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edir. Moskvada Bakı günləri və Bakıda Moskva günlərinin keçirilməsi bu əməkdaşlıq üçün ilk addım ola bilər. Bu mədəni layihə çərçivəsində mədəniyyət müəssisələrinin birgə fəaliyyəti və eləcə də uşaqların istirahəti kimi qarşılıqlı mübadilələr də həyata keçirmək mümkündür.
Moskva Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Oleq Şutenko da qarşılıqlı mədəniyyət günlərinin keçirilməsini hər iki ölkə və paytaxt üçün əhəmiyyət daşıdığını vurğuladı.
Görüş ikitərəfli əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi ilə davam etdi. Sonda rusiyalı qonaqlara Azərbaycan milli suvenirləri hədiyyə edildi.
Görüşdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağının direktoru Aleksey Reteyum, Moskva İstirahət və Turizm Agentliyinin dövlət mədəniyyət müəssisəsinin direktoru Vasili Ovçinnikov, Moskva Şəhər Mədəniyyət Departamentinin əməkdaşı Artur Şukurovski, “Road to Moscov” təşkilatının inkişaf məsələləri üzrə direktoru Lyudmila Tsoy və Rusiyanın Azərbaycanlı Gənclər Birliyi İdarə heyətinin üzvü Emin Hacıyev iştirak edirdi.
LALƏ