Təlim iştirakçıları folklorun toplanması və mübadiləsi ilə bağlı bilik və bacarıqlar əldə ediblər

Gəncə şəhəri, Şəmkir, Samux və Göygöl rayon məktəblərindən bir qrup müəllim “Yaşam dəyərləri vasitəsilə gənclərin imkanlarının genişləndirilməsi” layihəsi çərçivəsində Gürcüstanın Marneuli şəhərində ikigünlük treninqə qatılıb. Təlimdə Gürcüstanın Marneuli, Dmanisi və Saqareco rayonlarından da müəllimlər iştirak ediblər.

Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə həyata keçirilən layihə “Şərq Tərəfdaşlığı” ölkələrinin müvafiq proqramı çərçivəsində icra olunur. Layihənin əsas məqsədi müsbət sosial dəyişikliklər və mənalı əməkdaşlıq üçün Gürcüstan və Azərbaycanın sərhədyanı bölgələrində yaşayan gənclərin imkanlarının genişləndirilməsidir.

“Yaşam dəyərlərinin təhsil və tədrisə inteqrasiyası” mövzulu treninqi Mülki İnteqrasiya və Millətlərarası Münasibətlər Mərkəzinin (Gürcüstan) əməkdaşı Natiya Qorqadze aparıb. Qeyd olunub ki, yaşam dəyərləri təhsilinin əsas məqsədi gənclərdə müxtəlif dəyərlər haqqında düşünmək və bu dəyərlərin özünə, başqalarına, icmaya və bütövlükdə dünyaya ifadə etməyin praktik yollarını tapmağa imkan yaratmaqdır. Müəllimin əsas fəaliyyəti isə şagird və gənclərin öz şəxsi, sosial, əxlaq və mənəvi dəyərlərini seçməyə həvəsləndirmək və onların inkişaf və təmayülünün praktik metodları haqqında biliklərinin artırılması üçün düzgün istiqamətləndirməkdir.

Layihənin proqram üzrə məsləhətçisi Kubra Ələkbərova deyib ki, layihə çərçivəsində keçirilən ikigünlük təlimdə layihə iştirakçıları müxtəlif mədəni ifadələr yolu ilə yerli folklorun hazırlanması, toplanması və mübadiləsi ilə bağlı praktik fəaliyyət üçün bilik və bacarıqlar əldə ediblər.